
Noyabr ayında əfv sərəncamının olacağı ilə bağlı məlumatlar yayılmaqdadır. Qeyd olunur ki, ya noyabrın 9-da “Bayraq günü”, ya da 17 noyabrda “Dirçəliş günü”ndə növbəti əfv sərəncamı olacaq.
Gununsesi.info növbəti əfv sərəncamı ilə bağlı yayılan informasiyalara aydınlıq gətirmək üçün Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevə müraciət etdi.
Yaxın günlərdə növbəti əfvin olması ilə bağlı yayılan xəbərləri təkzib edən Ə.Nuriyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, Əfv Komissiyasının iclası olmayıb və belə bir məlumata malik deyil: “Əfv Komissiyasına mütəmadi olaraq müraciətlər daxil olur və bu müraciətlər komissiya tərəfindən araşdırılır. Əfv Komissiyasının iclasına gəldikdə isə bu yaxınlarda belə bir iclas keçirilməyib”.
Komissiya üzvü deyib ki, ümumiyyətlə əfv sərəncamı ölkə başçısının müstəsna səlahiyyətinə aid olan məsələdir: “Ölkə başçısı ildə bir neçə dəfə humanizm prinsiplərinə və həyata keçirdiyi hummanist siyasət nəticəsində belə əfv fərmanları imzalayır. Sonuncu belə əfv sərəncamı cari ilin martında Novruz bayaramı ərəfəsində olub. Və bu əfv sərəncamı digər əfv sərəncamlarından həm mahiyyət, həm də kəmiyyət baxımdan fərqli olub. Həmin əfv sərəncamı nəticəsində 400 nəfərdən artıq insana şamil edilib”.
Növbəti əfv sərəncamının nə zaman gözlənildiyinə gəldikdə isə Ə.Nuriyev deyib ki, ölkə başçısının növbəti əfv sərəncamı ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində ola bilər.
Mürtəza
Gununsesi.info









