İlon Maskın avtomobili NASA-da kosmik gəmi kimi qeydiyyata alındı

  • By admin
  • 10 Fevral 2018 17:10


“SpaceX” şirkətinin kosmosa göndərdiyi “Tesla Roadster” avtomobili NASA-nın bazasında kosmik gəmi kimi qeydiyyata alınıb.

Gununsesi.info-nun xəbərinə görə, HORİZONS adlı bazanın məlumatında bildirilir ki, yeni kosmik gəmi “Tesla Roadster” avtomobilindən və “Starman” adlı skafandr geyinmiş manekendən ibarətdir.

Maşında informasiyanı yazmaq üçün qurğu yerləşdirilib. Qurğuda Ayzek Azimovun “Əsas” adlı seriya kitabının elektron versiyası da var. Bundan başqa, “SpaceX” şirkətinin 6 min əməkdaşının adını əks etdirən cədvəl də avtomobilə yapışdırılıb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə fevralın 7-si saat 00:45) ABŞ-ın Florida ştatındakı Kanaveral burnundakı kosmodromdan “SpaceX” şirkəti tərəfindən hazırlanan dünyadakı ən güclü “Falcon Heavy” ağır daşıyıcı raketin ilk buraxılışı həyata keçirilib. Raketin buraxılışı sınaq məqsədilə həyata keçirildiyi üçün yeganə faydalı yük “SpaceX”ın sahibi İlon Maskın vişnə rəngli, elektrik mühərrikli “Tesla Roadster” avtomobili olub.

Gununsesi.info