Bakı–Tbilisi qatar biletlərinin qiymətinin həddən artıq baha olması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərilmiş müraciətə cavab verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Real partiyasının sabiq sədri İlqar Məmmədov yazıb.
Onun sözlərinə görə, Agentliyin cavab məktubu hüquqi baxımdan kifayət qədər dolaşıq olsa da, məktubdan çıxan əsas nəticə Bakı-Tbilisi qatar biletlərinin qiyməti ilə bağlı şikayətin əsaslı olmasıdır.
İlqar Məmmədovun paylaşdığı izahda qeyd olunur ki, Azərbaycan Dəmir Yolları (ADY) dəmir yolu sərnişin daşımaları sahəsində təbii inhisar subyekti olduğundan qiymətləri tam sərbəst şəkildə müəyyən edə bilməz.
Beynəlxalq sərnişin daşımalarının qiymətləri birbaşa dövlət tərəfindən tənzimlənməsə də, qiymət dəyişikliyi ilə bağlı ADY əvvəlcədən Antiinhisar Agentliyinə əsaslandırılmış məlumat təqdim etməlidir.
Məktubdan məlum olur ki, ADY Bakı-Tbilisi-Bakı dəmir yolu reyslərinin qiymətləri ilə bağlı Agentliyə yeni qiymət layihəsi təqdim edib. Hazırda həmin layihə Agentlik tərəfindən araşdırılır və qiymət artımının iqtisadi baxımdan əsaslandırılıb-əsaslandırılmadığı təhlil edilir.
Müraciətin müəllifinin diqqət çəkdiyi digər məqam isə Agentliyin qiymət artımına razılıq verməmək imkanının olmasıdır. Rəqabət Məcəlləsinin 39.4-cü maddəsinə əsasən, təklif olunan qiymətlərin sərnişinlərin qanuni mənafelərinə mənfi təsir göstərməsi və qiymətlərin əsassız artmasına səbəb olması halında Agentliyin müvafiq qiymət layihəsinə imtina verə biləcəyi bildirilir.
İlqar Məmmədov hesab edir ki, bununla onun və digər müraciətçilərin qaldırdığı məsələ rəsmi şəkildə araşdırılma predmetinə çevrilib.
Agentliyin yekun qərarının qanunvericilikdə nəzərdə tutulan müddət ərzində qəbul ediləcəyi gözlənilir. Qərarın Agentliyin rəsmi internet səhifəsində dərc olunacağı da cavab məktubunda bildirilib.
Məmmədov qeyd edir ki, yekun qərarın ADY-nin xeyrinə olması və qiymət artımına razılıq verilməsi halında həmin qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət etmək hüququ da qalır.
Beləliklə, Bakı–Tbilisi qatar biletlərinin qiyməti ilə bağlı mübahisədə hazırda top Antiinhisar Agentliyindədir: ADY-nin təqdim etdiyi yeni qiymət layihəsinin təsdiqlənib-təsdiqlənməyəcəyi Agentliyin araşdırmasının nəticəsindən asılı olacaq.
Elmar












