İmitasiya-müharibəyə səbəb olan daha bir görüş başa çatdı - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 16 Oktyabr 2017 15:54

murteza bunyadli

Azərbaycan və Ermənistan prezidentlərinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların növbəti raundu bu gün Cenevrədə reallaşıb. Görüş münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk  Qrupu həmsədrlərinin təşəbbüsü ilə reallaşıb. 

İlk olaraq onu demək lazımdır ki, nə Azərbaycan, nə də Ermənistan tərəfinin bu görüşlərdə münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində hansısa irəliləyişin olacağına ümidləri yox idi və gözləntilər də özünü doğrultdu. Xüsusən də Azərbaycan cəmiyyəti imitasiya xarakterli və İrəvanın maraqlarına xidmət etdiyi qənaətində olduğu üçün belə görüşləri təqdir etmir.

Azərbaycan prezidenti və rəsmiləri dəfələrlə nəticəli görüşlərdə maraqlı olduqlarını bəyan edib və bununla bağlı mövqelərini də ortaya qoyub. Azərbaycan rəhbərliyinin bu mövqeyi də cəmiyyət tərəfindən dəstəklənir. Lakin hər dəfə olduğu kimi İrəvan danışıqlar prosesində qeyri-konstruktiv mövqeyini davam etdirməkdədir. İrəvan əksinə bütün fəaliyyətini işğalçılıq faktının daha da möhkəmlənməsi və ən azından mövcud status-kvonun qorunub-saxlanmasına çalışır. Ona görə də danışıqlar ərəfəsində cəbhə xəttində gərginlik yaradaraq diqqəti əsas məsələdən yayındırmağa çalışır. Və elə bu dəfə də eyni proses yaşanmaqdadır. Danşıqların növbəti raundu da cəbhə xəttindəki gərginlik şəraitində baş tutub. Cəbhədəki gərgin durum isə danışıqlarda irəliləyişin olmamasını şərtləndirən əsas amillərdən biridir.

Yəqin ki, danışıqlar masası arxasında İrəvan növbəti bir bəhanə və ya təklif ortaya atmaqla danışıqları dalana dirəyir. Danışıqlar prosesində irəliləyişin olmayacağını şərtləndirən digər amil isə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ölkələrin Ermənistanın işğalçılıq siyasətinə dur deyib, onun konstruktiv mövqe sərgiləməsi üçün hər hansı təzyiq etməməsidir. Vasitəçilərin münaqişənin həllinə yardım etmısi bir yana, əksinə hər vasitə ilə işğalçıya dəstək verməsidir.

Münaqişənin həllində iştirak edən Rusiya isə bölgədə maraqlarını qoruyub saxlamaq və möhkəmləndirmək üçün tərəfləri silahlanmağa təşviq edir. Belə ki, Rusiya Azərbaycana silah satmaqla yanaşı,   Ermənistanın da hərbi gücünü artırmaq üçün yardım edir. Daha doğrusu, Ermənistanda öz hərbi iştirakını möhkəmlədir. Bu da bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirməyə xidmət edən faktordur. Özü də çox təhlükəli bir faktor. Və bu da Azərbaycanın maraqlarına cavab vermir. Vasitəçilik missiyasını yerinə yetirən Fransa  da Ermənistana işğalçılıq siyasətinin möhkəmlənməsi baxımıdan  təbliğatının dünyada aparılmasında xüsusi rol oynayır.

Vasitəçilik missiyasını yerinə yetirən ABŞ isə hələlik iki tərəf arasında balans rolunu oynamağa çalışsa da, bir çox hallarda bu balansı işğalçının xeyrinə dəyişir.

Bütün bu və digər faktorlar Cenevrədə reallaşan görüşlərin nəticəsiz başa çatmasını şərtləndirən amillərdir. Belə olan təqdirdə niyə belə görüşlər reallaşır?! Bu görüşlərin nəticəsi bəlli olduğundan olmazmı, belə mənasız danışıqlardan imtina edib, Azərbaycan xalqa arxalanıb güc yolu ilə problemi həll etsin?! Cəmiyyəti bu və ya buna oxşar digər suallar məşğul edir.

Bu görüşün reallaşması yalnız və yalnız ATƏT-in Minsk Qrupunun həmsədrlərin və həmsədr ölkə başçılarının uzun müddətdən bəri tərəflərlə bu istiqamətdə apardığı səylərin nəticəsi kimi dəyərləndirmək olar. Hətta görüşün reallaşması üçün tərəflərə diplomatik kanallarla təzyiqlər edilməsi də istisna deyil. Bu görüş bir misal var “sözün yerə düşməsin” deyə, baş tutub. Baxmayaraq ki, Azərbaycan tərəfi görüş xatirinə görüşün olmasını istəməsə də, hansısa nüansları nəzərə alaraq “sözün yerə düşməsin” prinsipini əsas götürərək görüşə razılıq verib. Digər tərəfdən Azərbaycan işğalçının bir daha qeyri-konstruktivliyini sübut etmək, danışıqlar prosesində gələcək addımlarını və taktikalarını müəyyənləşdirmək baxımından bu addımı atıb. Həmsədr ölkələrin maraqları ancaq cəbhədə gərginliyin azaldılmasında üst-üstə düşür. Həmsədrlər bu imitasiya xarakterli hərəkətləri ilə guya tərəflərə  fəaliyyət göstərdiklərini göstərməyə çalışırlar. Ancaq həmsədrlərin münaqişənin həllinə yanaşması səhv taktika olduğundan, günün birində vəziyyətin nəzarətdən çıxacağı istisna deyil. Cəbhə xəttindəki gərginliyin hər hansı təxribat nəticəsində ani bir zamanda genişmiqyaslı müharibəyə çevrilməsi mümkündür. Bunun üçünsə münbit zəmin var.

Mürtəza Bünyadlı

Gununsesi.info