İnformatika üzrə daha 4 medal!

  • By admin
  • 07 Yanvar 2022 13:04

“Azercell”in dəstəklədiyi məktəblilərimiz beynəlxalq olimpiadada növbəti uğur qazandı

Azərbaycan məktəbliləri son illərdə beynəlxalq olimpiadalarda qazandıqları nailiyyətlərin sırasını genişləndiriblər. “Azercell Telekom” MMC-nin dəstəyilə informatika üzrə hazırlıq keçən şagirdlərimiz beynəlxalq bilik yarışmasında 4 bürünc medal əldə ediblər.

Ölkəmizin təşkilatçılığı ilə onlayn formatda keçirilən Lütfi Zadə Beynəlxalq Olimpiadasına 18 ölkədən 158 məktəbli qatılıb. Yarışda Bakı şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fuad Qarayev, Gəncə şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi Səid Nəsibov və Balakən rayonu Qazbinə kənd tam orta məktəbin şagirdi Xizri Saxrayev informatika fənni üzrə bürünc medala sahibləniblər.

2017-ci ildən etibarən Təhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı olan “Azercell Telekom” məktəblilərimizin beynəlxalq olimpiadalarda informatika fənni üzrə hazırlığını və iştirakını dəstəkləyir. Hazırlıq prosesinə ölkənin hər yerindən istedadlı şagirdlər cəlb olunur, informatika fənni üzrə aparıcı mütəxəssislər tərəfindən uşaqlara təlimlər keçirilir, zəruri biliklər paylaşılır. Bu proses Təhsil İnstitutu və “Azercell Telekom” arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir. Azercell-in dəstəyilə hazırlaşan məktəblilərimiz bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 23 bürünc olmaqla, ümumilikdə 31 medal əldə ediblər.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” şüarını əsas tutaraq, “Azercell Telekom” hər zaman gənclərin inkişafına, İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artmasına dəstək olan, tələbələri bu istiqamətdə uğurlara təşviq edən layihələrini davam etdirəcək. “Azercell Telekom” məktəblilərimizi yüksək nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı yarışmalarda daha böyük qələbələr arzulayır.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri, qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.

Gununsesi.info