Dini sabitlik necə qorunmalıdır? – Dinşünasdan açıqlama

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir.

Onun sözlərinə görə, bu gün din mövzusu, xüsusilə, rəqəmsal mühitdə ən aktual mövzulardan biridir.

Bəs dini sabitliyin qorunmasında birgə məsuliyyət necə təmin edilməlidir? 

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan dinşunas Tural İrfan qeyd edib ki, dini sabitliyin qorunmasında birgə məsuliyyət cəmiyyətin bütün təbəqələrinin əlaqəli fəaliyyəti əsasında həyata keçirilə bilər:

“Çünki cəmiyyətdə müxtəlif çevrələr var: dindarlar, geniş kütlə və inancsız təbəqə. Bu qrupların hər biri arasında cəmiyyətin bütün sahələrində əlaqəli iş aparılmalı, maarifləndirmə isə hərtərəfli təşkil edilməlidir. Belə olduqda bütün təbəqələr məlumatlanar və birgə fəaliyyət, birgə məsuliyyət hissi formalaşar.

Müəyyən mənfi hallar da var ki, son dövrlərdə daha çox müşahidə olunur. Hibrid təhdidlər və xarici təsirlər nəticəsində bəzi insanların düşüncələrinə təsir göstərilir. Bu şəxslər cəmiyyətin müxtəlif sahələrinə daxil olur, orada təmsil olunurlar.

Bu hallar siyasi sahədə də var. Hüquqşünas, psixoloq, idmançı, ilahiyyatçı və digər sahələrin nümayəndəsi kimi çıxış edən bəzi şəxslər müxtəlif sahələrə sızaraq din pərdəsi altında məzhəbçilik, xurafatçılıq və xarici dini modellərin tətbiqi istiqamətində təbliğat aparırlar”.

Tural İrfan qeyd edib ki, belə halların qarşısının alınması üçün cəmiyyətin birgə fəallığı vacibdir.

“İlk növbədə cəmiyyətin bütün təbəqələrinə həqiqətlər çatdırılmalıdır ki, insanlar doğru olanı, məqsəd və məramı düzgün qavrasın, nəyə qarşı mübarizə aparmalı olduqlarını aydın şəkildə bilsinlər. Bu baxımdan hesab edirəm ki, cəmiyyətin bütün təbəqələrində bu anlayışın formalaşması, eyni zamanda dini sabitliyin və tolerantlığın davamlı inkişafı üçün bu, çox vacib amildir.

Bu fəaliyyət yalnız bir istiqamətlə və ya məhdud çevrə ilə məhdudlaşmamalıdır. Əksinə, hərtərəfli olmalı, cəmiyyətin bütün sahələrini əhatə etməlidir. Bunun üçün isə, yenə də qeyd edirəm, əlaqələndirmə vacibdir. Əlaqələndirmənin təmin olunması üçün davamlı tədbirlər keçirilməlidir.

Cəmiyyətin bütün təbəqələrindən olan fəallar, ictimai xadimlər və digər şəxslər bu həqiqətlərin üzə çıxması üçün öz fikirlərini bildirməlidirlər. İnsanlar nəyin uğrunda mübarizə aparmalı olduqlarını, hansı dəyərlər ətrafında birləşməli olduqlarını şüurlu şəkildə dərk etməlidirlər ki, həmin istiqamətdə sağlam fəaliyyət qura bilsinlər”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info