İnsan Hüquqları Üzrə İşçi Qrup yenidən yaradılsın -PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 23 Yanvar 2024 10:43

 

Uzun illərdir ki, Avropa Şurası və onun əksər strukturları ilə əməkdaşlıq edirəm.

Etiraf edək ki, ölkəmiz bu təşkilata qoşulandan sonra çoxsaylı problemləri geridə qoyub.

Avropa standartlarına uyğunlaşdırılan qanunvericilik bazasının yaradılmasından tutmuş 700-dək siyasi məhbusların azadlığa çıxmasına qədər ciddi addımlar atılıb.

Detallar başqa mövzunun müzakirəsi olduğundan təfərrüata varmıram.

 

BMT Təhlükəsizlik Şurasınıdan sonra AŞ PA dünyanın ikinci nüfuzlu qurumudur ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu öz qətnaməsinə daxil edib.

Bilməyənlər üçün xatırladıram ki,

AŞ PA-nın 2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 nömrəli “ATƏT-in Minsk qrupu tərəfindən tənzimlənən Dağlıq Qarabağ münaqişəsi haqqında” qətnaməsində Azərbaycan ərazilərinin işğal faktı təsdiqlənib, bu ərazilərdəki etnik təmizləmələrdən narahatlıq ifadə edilib, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə riayət edilməsinə və qoşunların işğal edilmiş ərazilərdən geri çəkilməsinə çağırış edilib.

 

Ölkəmizdə son aylar insan haqları sahəsində baş verənlər, xüsusilə heç bir hüquq norması gözlənilmədən həyata keçirilən kütləvi həbslər Avropa Şurasındakı mövqeyimizi ciddi zədələyib.

 

Deyək ki, Azərbaycanı sevməyən qüvvələr var və hər an fürsətdədirlər.

O zaman nə üçün bu bəhanələr onlara verilir?

Avropa Şurası dünyanın dövlətlərarası nüfuzlu təşkilatlarından biridir.

Bu təşkilatla münasibətləri qaydaya salmaq lazımdır.

İndiki məqamda Azərbaycan hökuməti bir neçə il əvvəl olduğu kimi siyasi məhbus probleminin həlli məqsədiylə yaranan İnsan Hüquqları Üzrə İşçi Qrupu yenidən fəaliyyətə başlamasına imkan yaratmalıdır.

İnsan haqları fəalları, jurnalistlər bu qrupda təmsil olunmaldır.

Bir neçə il əvvəl bu Qrupun vasitəsilə hökumət siyasi məhbus problemini həll etdi.

İndi də vahid siyahı hazırlanmalı, hökmü çıxarılanlar əfv edilməli, istintaq mərhələsində olanlar isə prosessual qanunvericiliyə uyğun şəkildə azad edilməlidir.

Ölkədə insan hüquqları problemləri qaldıqca Azərbaycana qarşı təzyiqlər, təhdidlər sonda Avropadan təcrid olunmağımızla nəticələnə bilər.

Bunun isə xarici ticarət dövriyyəsinin əsas payı Avropaya düşən Azərbaycan üçün hansı iqtisadi durum yaradacağını anlamaq çətin deyil.

 

Pərviz Həşimli 

Gununsesi.info