“İrəvanın Moskvaya dirsək göstərməsi baha başa gələcək” - ERMƏNİ DEPUTAT

  • By admin
  • 19 İyul 2017 10:50

default

“İrəvanın son günlərdə Moskvaya qarşı sərgilədiyi demarş siyasəti ona baha başa gələ bilər. Ermənistan kimi balaca bir dövlətin belə bir addımı çox təhlükəlidir”.

Gununsesi.info xəbər verir ki, bu fikri Ermənistan parlamentinin “Çarukyan” blokundan olan deputatı Vardan Bostancanyan news.am-a açıqlamasında ”Vıxod” blokundan olan deputatların Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Vıxod” blokunun təmsilçisi Edmon Marukyan hesab edir ki, Rusiya son qanunvericilik dəyişiklikləri ilə Avrasiya İttifaqı ölkələrinə, xüsusən də Ermənistana diskriminasiya siyasətini yürüdür.

Bostancanyanın fikrincə, Ermənistanın Rusiyaya qarşı sərt mövqeyi ona çox baha başa gələ bilər və Ermənistanın Rusiya kimi monstr ölkə ilə baş-başa gəlməsi çox ciddi fəsadlara yol açacaq.

İyulun 1-dən etibarən xarici ölkələrin sürücülük vəsiqəsi ilə  Rusiyada sürücülük etmək qadağan olunur. Rusiya Federasiyası daha bir qanuna dəyişiklik edib. Və bu dəyişikliyə əsasən ancaq rus dili rəsmi dil olan Belarus, Qazaxıstan və Qırğızıstandan olan vətəndaşlara Rusiya ərazisində öz milli sürücülük vəsiqələri ilə sürücülük etmək hüququ verilir.

Bununla bağlı olaraq Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin vəziyyətdən çıxış yolu kimi Ermənistan hakimiyyətinə ölkəsində rus dilinə rəsmi dil statusu verməsini təklif edir. Ancaq bundan sonra Ermənistanda verilən sürücülük vəsiqələri Rusiya ərazisində tanına bilər və bu vəsiqə ilə sürücülük hüququ qazana bilərlər.

Hazırladı Mürtəza

Gununsesi.info