İran generalları Avropanı raketlərlə hədələyir - BRİTANİYA MEDİASI

  • By admin
  • 27 Noyabr 2017 10:36

İran generalları Avropanı raketlərlə hədələyir

“The Independent” qəzetinin yazdığına görə, İran lazım gələrsə, Avropanı vurmaq qabiliyyətinə malik olmaq üçün raketlərinin mənzilini genişləndirə biləcəyi ilə hədələyib.

Ölkənin İnqilab Keşikçiləri Korpusu komandanının müavini deyib ki, Avropa İranı hədələyərsə, Tehran öz raketlərinin zərbə dairəsini 2 min kilometrə çatdıra bilər.

“Biz raketlərimizin mənzilini ona görə 2 min kilometrdən az saxlamamışıq ki, bunun üçün texnologiyalarımız yoxdur. …Sadəcə olaraq biz, öz strateji doktrinamıza əməl edirik” – briqada generalı Hüseyn Salami Fars xəbər agentliyinə deyib.

“Bu vaxtadək biz Avropanı hədə hesab etməmişik, ona görə də raketlərimizin mənzilini artırmamışıq. Lakin Avropa hədəyə çevrilmək istəsə, biz də raketlərimizin mənzilini genişləndirəcəyik”.

Bundan əvvəl Fransa İranla onun ballistik raket proqramına dair “kompromissiz” danışıqlara çağırmışdı. Paris bildirmişdi ki, bu məsələyə 2015-ci ilin nüvə sazişindən kənar çərçivədə baxıla bilərdi.

Ötən ay İran İnqilab Keşikçilərinin başçısı general-mayor Məhəmməd Əli Cəfəri demişdi ki, İranın 2 min kilometrlik zərbə məsafəsinə qabil raketləri “Amerikanın regiondakı əksər maraq və qüvvələrini” vura bilər və buna görə də raketlərin mənzilini genişləndirməyə ehtiyac yoxdur.

Cəfəri bunu da əlavə etmişdi ki, ballistik raketlərin mənzil limitini ölkənin ali rəhbəri və silahlı qüvvələrin ali baş komandanı ayətüllah Əli Xameneyi müəyyən edir.

İran Yaxın Şərqin ən böyük raket proqramlarından birinə malikdir. Onun lazerlə tuşlanan bəzi raketləri İsraili vurmaq qabiliyyətinə malikdir.

ABŞ raket proqramına görə Tehranın üzərinə birtərəfli qaydada sanskiyalar qoyub. Washington bu qənaətdədir ki, İran ballistik raketləri inkişaf etdirməklə BMT-nin mövcud qətnamələrini pozur.

ABŞ bildirir ki, İran raket proqramı ilə beynəlxalq qanunların ziddinə gedir, çünki belə raketlər gələcəkdə nüvə başlıqları ilə təchiz edilə bilər.

İran bildirir ki, o nüvə silahlarının istehsalında maraqlı deyil və onun nüvə proqramı tamamilə dinc məqsədlərə xidmət edir.

Özlem Zengin

Ərdoğanın “hicablı müşaviri” Londonda sərt danışıb

“The Guardian” yazır ki, Türkiyə bu həftə Britaniyada yaşayan, lakin Ankara tərəfindən 2016-cı il çevriliş cəhdi ilə əlaqəli bilinən şəxlərin ekstradisiya edilməsi üçün Londona təzyiq göstərəcək.

Bu barədə qəzetə müsahibəsində prezident Ərdoğanın vəzifəli müşavirlərindən biri və hakim AKP partiyasından keçmiş millət vəkili xanım Özlem Zengin deyib.

Özlem Zengin bu müsahibədə Londonu ABŞ-da yaşayan müsəlman vaiz Fəthullah Gülənlə bağlı olduğunu iddia etdiyi təşkilatın qadağan olunmasına çağırır.

Zenginin bu müsahibəsi Türkiyənin baş naziri Binali Yıldırımın Londona səfəri ərəfəsinə təsadüf edir.

Cənab Yıldırım britaniyalı həmkarı Theresa May-lə danışıqlarda olacaq. Yıldırımın habelə başqa Britaniya nazirləri ilə görüşəcəyi və onları iki ölkə arasında təhlükəszlik əməkdaşlığının möhkəmləndirilməsinə çağıracağı gözlənilir.

Türkiyənin Avropa İttifaqı üzvlüyünə çalışdığı və Britaniyanın bu bloku tərk etdiyi bir vaxtda bu iki NATO üzvü arasında münasibətlər hələ də möhkəmdir. Theresa Mayötən yanvar ayında Ankarada prezident Recep Tayyip Ərdoğanla görüşüb və bundan az sonra xarici işlər naziri Boris Johnson Türkiyəyə səfər edib.

İki ölkənin liderləri arasında münasibətlər yaxşı olsa da, Britaniya parlamentinin xarici əlaqələr komitəsindəki millət vəkilləri Ərdoğanı çevriliş cəhdindən fürsətlənərək öz opponentlərinə divan tutmaqda və müxalifəti əzişdirməkdə ittiham edirlər.

Türkiyədə baş tutmamış çevriliş cəhdinin ardınca on minlərlə müəllim, vəkil, polis zabiti, hakim və prokuror vəzifələrindən uzaqlaşdırılıb. Ankaranın təxminlərinə görə, hökumətə qarşı qəsddə 60 min insan iştirak edib.

Bir çox şübhəlilər telefonlarında ByLock adlı şifrəli mesajlaşma aplikasiyasının olduğuna görə həbs ediliblər. Hökumət çevrilişçilərin məhz bu aplikasiyadan istifadə etdiklərini bildirir. Zengin kiminsə yalnız ByLock-u yüklədiyinə görə həbs olunduğunu inkar edib.

Keçmiş televiziya prodüseri və vəkil Zengin Ərdoğanın baş müşavirlərindən biridir. AKP-nin tərəfdarı olan əksər qadınlar kimi o da hicablıdır. Hicab Türkiyənin bundan əvvəlki hökumətləri tərəfindən məktəblərdə, universitetlərdə, dövlət və ordu qurumlarında qadağan edilmişdi.

Xanım Zengin Londona münaqişələrin həlli ilə məşğul olan Demokratik Tərəqqi İnstitutunun görüşündə iştirak etmək üçün gəlmişdi. O, Gülen və çevriliş cəhdi ilə əlaqəli şəxslərin təqib edilməsinin hökumətin prioriteti olduğunu söyləyib.

“Bizim Birləşmiş Krallıqla çox yaxşı münasibətlərimiz var. Biz Britaniyadan buradakı bəzi biznesmenlərin Türkiyəyə ekstradisiyası üçün müraciət etmişik, – deyib Zengin, – Ədliyyə Nazirliyi bu istiqamətdə işlər görür. Interpol da fethullahçıların yaxalanması üçün təşəbbüs göstərir”.

“Bir biznesmen qanunsuz şəkildə Britaniyaya qaçıb. Bu çox qəddar təşkilatdır. Biz burada 40 illik bir tarixi olan təşkilatdan danışırıq. Türkiyənin baş naziri bu barədə xüsusi danışıqlar aparmaq üçün Londona gəlir. Bu, müzakirə olunacaq məsələlərdən biridir” – deyib müşavir.

Xanım Zengin britaniyalıları da FETÖ təşkilatı ilə qorxutmağa çalışıb: “Ola bilsin onların Birləşmiş Krallıq üçün 100 illik bir planı var. Bu gün onlar bizim problemimizdirlər, sabah sizin probleminiz ola bilərlər. Mənim düşüncəmdə onlar PKK-dan daha təhlükəlidirlər. Onlar birbaşa uşaqları hədəfləyir və adamların beyinlərini dumanlandırırlar. Bu bir təriqətdir”.

GülƏnin tərəfdarları isə bildirirlər ki, çevriliş cəhdi ilə heç bir əlaqələri yoxdur və Erdoğan bütün bunları öz siyasi çıxarları üçün uydurub.

Türkiyə ABŞ-da yaşayan Fətullah Gülənin də ekstradisiyasına çalışır, amma bu işdə hələlik uğur qazana bilməyib.

Britaniyadakı Gülən tərəfdarlarından biri deyib ki, o ekstradisiya ricası barədə heç nə eşitməyib, lakin bu, gözləniləndir. O deyib ki, indiyədək Gülən tərəfdarları Malayizya və Pakistan kimi ölkələrdə qanunsuz oğurlanıb.

Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, onlar siyasət və protokola uyğun olaraq ekstradisya müraciətləri barədə açıqlama vermirlər.

Interpol-un Lion şəhərindəki baş qərargahı da ekstradisiya tələbləri barədə iddiaları rədd edib.

Təşkilatın sözçüsü deyib ki, Interpol nizamnaməsinin 3 maddəsinə uyğun olaraq bu qurum siyasi, hərbi, dini və ya irqi fəaliyyətlərə heç bir müdaxilə etmir.

The former president

Ata Bush ABŞ-ın ən uzunömürlü prezidenti oldu

George H W Bush 93 il və 166 gün yaşamaqla Birləşmiş Ştatların tarixində ən uzunömürlü prezident olub.

O özündən əvvəlki rekordçu – Gerald Ford-u ötən şənbə günü keçib. Ford 93 il 165 gün yaşayıb.

Ronald Reagan-ın ömrü isə 93 il 120 gün olub.

Hazırda sağ olan Jimmy Carter-in yaşı 93 il 56 gündür.

Ronald Reagan-ın hakimiyyətində iki müddət vise-prezident olmuş cənab Bush Ağ Evə 1988-ci ildə sakin olub. O, Bill Clinton-a məğlub olanda, cəmi bir müddət prezidentlik etmişdi.

ABŞ-ın 41-ci prezidenti olan ata Bush öz vaxtını Texasdakı Houston və Maine-dəki Kennebunkport-da, ata mülkündə keçirir.

Son bir neçə həftədə dörd qadın cənab Bush-u fotosessiya zamanı onları əlləşdirməkdə ittiham edib. Keçmiş prezidentin sözçüsü ilkin ittihamlardan dərhal sonra qadınlardan üzr istəyib.

Bu ilin əvvəllərində cənab Bush-un 2016-cı il seçkisində demokrat Hillary Clinton-a səs verdiyi barədə xəbər yayılmışdı. Deyilənlərə görə o, Donald Trump-ı “ədabaz” adlandırıb.

O, həmçinin oğlu George W Bush-la birlikdə Charlottesville-də baş vermiş zorakılıqları kəskin tənqid etmişdi.

Təhlilçilər bunu zorakılıqların tənqidindən yan keçmək istəyən Trump-a etiraz nümayişi kimi qiymətləndirmişdilər.

Cənab Bush siyasi fəallığını davam etdirir, Tvitter hesabı var və ara-sıra müəyyən tədbirlərdə iştirak edən keçmiş prezidentlərə qoşulur. (bbc.com)

Gununsesi.info