İran XİN: ABŞ-ni sanksiyalara görə cəzalandıracağıq

  • Müəllif: Firuzə
  • 20 Avqust 2026 20:49

“ABŞ tərəfindən İrana qarşı sanksiyaların gücləndirilməsi iqtisadi terrorizmdir və buna aidiyyəti olan şəxslər mütləq layiqli cəzalarını alacaqlar”.

Gununsesi.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi bəyanatında deyilib.

“ABŞ-nin İrana qarşı sanksiya siyasəti iqtisadi terrorizm və bəşəriyyətə qarşı cinayətdir”, – açıqlamada qeyd olunub.

İran XİN bildirib ki, ABŞ administrasiyası, sanksiya planlarını hazırlayanlar və onları həyata keçirənlər cəzalandırılmalıdır.

Rəsmi Tehranın iddiasına görə, Vaşinqtonun İrana qarşı yeni məhdudiyyətlər tətbiq etməsi uğursuzluğa düçar olmuş ABŞ siyasətinin davamıdır və onun təkrarlanması yalnız “yeni uğursuzluğa” gətirib çıxaracaq.

Nazirlik əlavə edib ki, ABŞ administrasiyasının bu addımları Amerikanın İrana qarşı apardığı müharibədə öz məqsədlərinə nail ola bilməməsini əks etdirir və Vaşinqtonun qanunsuzluğunu və təkəbbürünü göstərir.

İran Xarici İşlər Nazirliyi vurğulayıb ki, ABŞ tərəfindən tətbiq edilən heç bir sanksiya və ya məhdudiyyət ölkənin müstəqilliyini və suverenliyini müdafiə etmək iradəsini sarsıda bilməz.

Gununsesi.info