İranda iki qadın LGBT fəaliyyətinə görə ölümə məhkum edilib

Urmiyədəki İnqilab Məhkəməsi birgə hökmdə qadınları “Yer üzündə korrupsiya”da, “xristianlığın təbliği”ndə, “İslam Respublikasına qarşı çıxan media ilə kommunikasiya”da ittiham edib

İranda iki qadın LGBT icmasına dəstəyinə görə ölüm cəzasına məhkum edilib.

IRNA dövlət xəbər agentliyi Zəhra Həmadani və Elham Çubdara kəsilən cəzalar haqda sentyabrın 5-də məlumat yayıb. Bir gün öncə isə “Hengaw” insan haqları şəbəkəsi bildirib ki, qadınlar bir neçə gün qabaq cəza haqda bilgiləndiriliblər.

“Yer üzündə korrupsiya” ittihamı

İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) qadınları “homoseksuallığın təbliği, qumar, fırıldaq, qanunsuz cinsi əlaqələri təbliğ edərək onları internetdə yaymaqda” ittiham edib.

“Hengaw”nun məlumatına görə, Urmiyədəki İnqilab Məhkəməsi birgə hökmdə qadınları “Yer üzündə korrupsiya”da, “xristianlığın təbliği”ndə, “İslam Respublikasına qarşı çıxan media ilə kommunikasiya”da ittiham edib.

Britaniyanın LGBTQ+ hüquq fəalı Piter Taçel sentyabrın 4-də “Jerusalem Post”a müsahibəsində deyib ki, “Yer üzündə korrupsiya” ittihamı “rejimin tənqidçiləri və ənənəvi islama uyğun gəlməyən fikir söyləyənlərə qarşı istifadə olunur”.

Həmadani ötən oktyabrda saxlanıb

31 yaşlı Həmadani və tərəfdarları iddiaları şərh etməyib. Ancaq o daha öncə də LGBT hüquqlarına bağlı fəaliyyətə görə hakimiyyətin hədəfinə tuş gəlib.

Həmadani 2021-ci ilin oktyabrında LGBT hüquqlarını müdafiə edən sosial media postlarına görə saxlanıb. Bir ay sonra isə ölkədən çıxmağa çalışarkən saxlanıb. O vaxtdan vəkiliylə əlaqə saxlaya bilmədiyi deyilir.

İranda geylər və lezbianlar cinsi oriyentasiyalarını gizlətməyə məcburdurlar, çünki homoseksuallıq ölümlə cəzalandırılır.

İranın 6rang Lezbian və Transgender Şəbəkəsinin 2020-ci ildə dərc etdiyi sorğuya görə, LGBT respondentlərin 62 faizi yaxın ailə üzvlərinin zorakılığına məruz qaldığını deyib. 77 faiz isə söyləyib ki, seksual oriyentasiyaya görə müəyyən növ fiziki zorakılıq görüblər.

Gununsesi.info