“İranın həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətləri var” - BƏHRAM QASİMİ

  • By admin
  • 25 Sentyabr 2017 15:30

behram

“İran İslam Respublikasının həm Azərbaycan Respublikası ilə, həm də Ermənistanla çox yaxşı münasibətləri var və bu münasibətləri inkişaf etdiririk”.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında İranın Azərbaycan və Ermənistanla münasibətləri və İsrailin regiondakı məsələlərdə iştirakına dair sualın cavabında bildirib.

B.Qasimi deyib ki, İranın ətrafında olan digər bölgələr kimi, Qafqazın da İran üçün özünəməxsus önəmi var: “Buna görə də həmişə Azərbaycan və Ermənistan arasındakı ixtilafların həlli üçün çalışmışıq. Bu barədə məsləhətləşmələr və danışıqlar davam etdiriləcək”.

XİN sözçüsü regiondakı prosesləri diqqətlə izlədiklərini və İranın bəzi “qırmızı xətləri” olduğunu söyləyib: “Bizimlə münasibətləri olan ölkələr və ya qonşu ölkələr İranın mövqeyi, baxışları və qırmızı xətləri ilə tanışdırlar. Biz həmin ölkələrlə regionun təhlükəsizliyinə dair məsələlərlə bağlı məsləhət bildikdə danışıqlar aparırıq və aparacağıq. Yaxşı əlaqələrimizi davam etdirəcək və regiondakı məsələləri diqqətdə saxlayacağıq”.

Gununsesi.info