Deputat Vüqar Bayramov qeyd edib ki, Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər.
Dəyişikliklərin məqsədi Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu təkmilləşdirmək, şəhərdaxili sıxlığı azaltmaq və ümumi hərəkət rahatlığını təmin etməkdir. Eyni zamanda, özəl sektorun bu prosesə innovativ həllərlə qoşulması təşviq olunacaq. Bu tədbirlər nəticəsində həm iş, həm də nəqliyyat rejimi daha çevik və rahat olacaq, insanlar isə sıxlıq probleminə görə vaxt itirmədən gündəlik həyatlarına davam edə biləcəklər.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Akif Nəsirli bildirib ki, iş saatlarının dəyişdirilməsi müəyyən hallarda şəhərdə nəqliyyat sıxlığının azalmasına kömək edə bilər:

“Xüsusilə dövlət qurumları, məktəblər və özəl sektor fərqli saatlarda fəaliyyət göstərərsə, insanların eyni vaxtda yollara çıxmasının qarşısı alınar və tıxaclar müəyyən qədər azala bilər”.
İqtisadçı məsələnin mənfi tərəflərinə də toxunub:
“İş saatlarının dəyişdirilməsi insanların gündəlik həyat tərzinə, ailə planlamasına və nəqliyyat qrafiklərinə təsir göstərə bilər. Valideynlər uşaqların məktəb saatları ilə iş vaxtlarını uyğunlaşdırmaqda çətinlik çəkə, bəzi iş yerlərində əmək məhsuldarlığına təsir yarana bilər. Bundan əlavə, əgər şəhərin nəqliyyat infrastrukturu və ictimai nəqliyyat sistemi kifayət qədər inkişaf etməyibsə, təkcə iş saatlarının dəyişdirilməsi tıxac problemini tam həll etməyə bilər.
Bu baxımdan, iş saatlarının fərqləndirilməsi tıxacların azaldılması üçün alternativ vasitələrdən biri sayılsa da, onun effektivliyi digər nəqliyyat və şəhərsalma tədbirləri ilə birlikdə tətbiq olunduqda daha yüksək ola bilər”.
Şəbnəm Rəhimova












