İsa Qəmbər indidən prezident seçkilərinə hazırlaşır

  • By admin
  • 11 Oktyabr 2016 10:00

isa

26 sentyabrda keçirilən referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin gözlənildiyi barədə xəbərlər yayılmaqdadır.

Gununsesi.info musavat.coma-a istinadən xəbər verir ki, bir sıra ciddi siyasi analitiklər və siyasətçilər də növbədənkənar seçkilərin keçirilmə ehtimalının yüksək olduğunu bildirirlər. Növbədənkənar parlament seçkiləri keçiriləcəyi halda müxalifətin həmin seçkilərdə iştirak edib-etməyəcəyi barədə isə onlar özləri hələlik heç bir mövqe bildirməyiblər.
Bəzi iddialara görə isə Azərbaycanda növbədənkənar prezident seçkilərinə hazırlıq gedir. Artıq dairə seçki komissiyalarının sədrləri bu barədə qeyri-rəsmi təlimatlandırılıb. Yeni seçiləcək prezident 7 il ölkəni idarə edəcək.
Politika.az saytının yaydığı xəbərə görə, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər prezidentliyə namizəd olacaq. İsa Qəmbər Müsavatın namizədi kimi irəli sürüləcək.
Qeyd edilir ki, partiyanın son qurultayında İsa Qəmbərin 2018-ci ildə keçiriləcək prezident seçkilərində Müsavatın namizədi olacağı bəyan edilib. Ancaq referendumdan sonra növbədənkənar prezident seçkiləri olacağı ehtimalı İsa Qəmbərin prosesə qoşulmasını tezləşdirib.
Daha sonra deyilir ki, partiya seçkilərə ayrılıqda gedəcək və digər müxalif partiyalarla müttəfiqlik etməyəcək, artıq bu barədə Müsavat Partiyasının Divan iclasında ilkin qərar verilib.
Xəbərdə həmçinin vurğulanır ki, Müsavatın başqan müavini Tofiq Yaqublu partiyanın bu mövqeyinə qarşı çıxıb və növbədənkənar prezident seçkilərinə gediləcəyi halda Milli Şura ilə əməkdaşlıq olunmasını təklif edib. Lakin İsa Qəmbər və başqan Arif Hacılı Tofiq Yaqublunun bu fikrinə qəti etiraz ediblər. Partiya rəhbərliyi birmənalı şəkildə T.Yaqublunun nəzərinə çatdırıb ki, bu təşəbbüslərə birdəfəlik son qoysun və Milli Şura ilə əməkdaşlıq söhbəti birdəfəlik qapansın.
Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə İsa Qəmbərin növbədənkənar seçkiyə getməyə hazırlaşdığı və Müsavatda seçkiyə hazırlıq istiqamətində müzakirələr getdiyi barədə yazılanları sosial şəbəkədə bir cümlə ilə təkzib edib: “Göbələk saytın uydurmaları”.

Gununsesi.info