Xəbər verdiyimiz kimi, zərərçəkmiş Yeganə Telmanqızı redaksiyamıza müraciət edərək hüquqşünas tərəfindən aldadıldığını bildirmişdir. Eyni zamanda onun rəfiqəsini də işə düzəltmə adı ilə 10000 manata yaxın pulunu mənimsəyib. Xanımın sözlərinə görə, adıçəkilən hüquqşünas onun etibarından sui-istifadə edərək, onu işə düzəltmək vədi ilə pul alıb. Lakin daha sonra vədinə əməl etməyib və Yeganə Telmanqızının zənglərinə cavab verməyib.
Məsələ ilə bağlı Gununesi.info-ya danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ümumiyyətlə kimisə işə düzəltmək, yaxud bu məsələlərlə bağlı pul almaq, bu özü bir cinayətdir:
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasının altına düşür. Zərərçəkən şəxsin etibarından sui-istifadə etməklə, onu aldatmaqla onun əmlakını ələ keçirmək və yaxud əmlak hüquqlarını mənimsəmək, yəni əldə etmək, bu açıq-aşkar dələduzluqdur. Burda məbləğ 2000 manat olmasına rəğmən, 178.1- ci maddənin təsir dairəsinə düşür. Bu isə o deməkdir ki, burda mütləq şəkildə cinayətin törədilməsi üçün 500 manatdan yuxarı 5000 manatdan çox olmamaq şərtilə zərərin vurulması tələb olunur. İndiki halda isə bu şəxsə 2000 manat məbləğində zərər dəymişdir”.

Hüquqşünas vurğulayıb ki, işədüzəltmə adı ilə pulu mənimsəyib, işi həyata keçirməyən şəxs cinayət törətmiş hesab olunur:
“Vətəndaş mütləq şəkildə ərazi üzrə hara pulu veribsə, polis idarəsinə ərizə ilə müraciət etməli, yaxud “102” Xidməti zəng mərkəzinə məlumat verməklə şikayətini bildirməlidir. Eyni zamanda vətəndaş Azərbaycan Respublikasının Baş Prokurorluğuna da bu məsələ ilə bağlı müraciət edə bilər. Kimliyindən asılı olmayaraq, əgər hər hansı bir vətəndaş kimisə aldadırsa, kimdənsə işədüzəltmə adı ilə pul götürürsə və bunu həyata keçirmirsə, bu artıq cinayəti törətmiş hesab olunur.
178.1-ci maddənin sanksiyasına görə isə əgər bu şəxs bu cinayəti törətmişdirsə, o zaman onu 1000 manatdan 2000 manata qədər cərimə cəzası, 360 saatdan, 480 saata qədər ictimai işlər və ya 2 ilə qədər müddətə azadlığın məhdudlaşdırılması, yaxud 2 ilə qədər müddətə azadlıqdan məhrum etməklə cəzalandırıla bilər”.
Günel Həsənova












