İsmayıllını sel apardı -YOLLAR, KÖRPÜLƏR DAĞILIB

  • By admin
  • 12 İyun 2016 22:02

sel-300x240 İsmayıllı rayonun bir neçə kəndində evləri və əkin sahələrini sel suları basıb. Gununsesi.info APA-ya istinadən bildirir ki, bu gün saat 15 radələrində 2 saat ərzində güclü küləklə müşayiət olunan leysan yağışın yağması nəticəsində yaranan sel suları rayonun 10-dan çox kəndində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Dağlardan gələn güclü sel suları Kürdmaşı, Quşencə, Qarakolluq, Balik, Enişdibi, Talış, Yenikənd, Şükürçü, Aşıqbayramlı kəndlərində fərdi həyətyanı sahələri, evlərin zirzəmisini basıb, taxıl və üzüm sahələrini, meyvə-tərəvəz bağlarını məhv edib, toyuq-cücə və mal-qara arasında tələfat var. Təbii fəlakət zamanı yenidən asfaltlanaraq bu günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolu dağılıb. Sel suları yolun 8 və 23-cü kilometrliyində hərəkət zolağını dağıdaraq nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub. Təbii fəlakət nəticəsində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 8 kilometrlik hissəsi tamamilə dağılaraq yararsız hala düşüb. İsmayıllının 10-a yaxın kəndi ilə Qaraməryəm-İsmayıllı avtomobil yolu arasındakı Dəvəbatan çayı və adsız xırda çaylar üzərindəki körpüləri sel suları yuyub apardığı üçün yerli əhalinin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib. Sel suları Kürdmaşı kəndindən keçən Oğuz-Qəbələ-Bakı içməli su kəməri üçün təhlükə yaratdığı üçün əraziyə ağır texnikalar və işçi qüvvəsi cəlb olunub.