İspaniya məhkəməsi hələlik Kataloniyanın sabiq rəhbərinin həbsinə dair qərar verməyib

  • By admin
  • 02 Noyabr 2017 22:42

İspaniya Milli Məhkəmə Palatasının hakimi hələlik Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və onunla birlikdə Brüsseldə olan sabiq məmurların həbsinə dair qərar verməyib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə məhkəmədəki mənbə bildirib.

“Hakim hələlik qərar qəbul etməyib”, – deyə mənbə bildirib.

Bundan əvvəl KİV-lər İspaniya Milli Məhkəmə Palatasının hakimi Karmen Lamelanın Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və onunla birlikdə Brüsseldə olan sabiq müşavirlərin həbsinə dair qərar verdiyini bildirmişdilər.

Qeyd edək ki, İspaniya məhkəməsi bundan əvvəl Kataloniya hökumətinin 8 sabiq üzvü barəsində həbs qətimkan tədbiri seçib.

Həbs edilənlər arasında həmçinin muxtar bölgə hökuməti rəhbərinin müavini Oriol Junkerasın olduğu bildirilir.

Hakim Kataloniya hökumətinin sahibkarlıq məsələləri üzrə sabiq müşaviri Santi Vilanın 50 min avro girov ödəmək şərti ilə azadlıqda qalmasına qərar verib. S.Vila Kataloniya parlamentinin müstəqillik elan etməsindən bir gün əvvəl tutduğu vəzifədən istefa verib.

Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.

Gununsesi.info