İsrafil müəllimin Xavəri: O, həyat yoldaşının ayrılığına dözmədi-LƏMAN ƏLƏŞRƏFQI YAZIR

  • By admin
  • 31 İyul 2019 12:34

Mən əvvəllər bir Xavər haqqında eşitmişdim.

Ağzı şirin sözlüm incimə məndən, yar yardan ayrılmaz bülbül çəməndən, demə ki, düşmüşdür saçlarıma dən, ürək qocalmayır, ürəyim sənsən- deyən Səməd Vurğunun Xavəri haqqında. Həmişə də düşünürdüm ki, Səməd Vurğundan sonra Xavər nə yaman uzun yaşadı? Axı ürəyindən ölən şairlə birlikdə ölməli deyildimi Xavər?

Nə bilim..Sonra da bütün bunları məntiqin yox, Allahın işi hesab etmişdim.. Ta ki, günlərin bir günü başqa bir Xavərlə tanış olana qədər… Bu, İsrafil Məmmədovun Xavəri idi. Əgər şəninə şeir yazılan Xavəri Səməd Vurğuna görə tanıyırdılarsa, bu Xavəri də israfil Məmmədova görə tanıyırdılar. Qərbi azərbaycanlılar onu əlinin içi kimi tanıyır, cümlə azərbaycanlılar da həmçinin. Hərgah tanımayanlar varsa, tanıdım.

Onun ilk portretini mənə həyat yoldaşım cızmışdı. Bibisinin, yəni Xavər xanımın əri kimi. Deyirdi ki, elə bil Ştirlisi oynayan aktyorla- Vyaçeslav Tixonovla yarıya bölünmüş bir almadır. Uzun illər ERmənistanda mühüm vəzifələrdə çalışmışdı. Meğri rayon komsomol komitəsindən başlayan yolu ən sonunda Ermənistan SSR Xalq təhsili nazirinin müavini postuna qədər irəliləmişdi. Dağlıq Qarabağ münaqişəsinin başladığı illərdə “Sovet Ermənistanı” qəzetinin redaktoru idi. Münaqişə onu müstəqil Azərbaycana gətirib çıxaranda İsrafil Məmmədov heç nəyi sıfırdan başlamadı. İllərlə yığdığı zəngin təcrübəsi vardı. 1991-ci ildən Azərbaycan teleradio verilişləri şirkətində qrup rəhbəri, siyasi icmalçı kimi çalışdı. AMEA-nın Tarix institutunda “Azərbaycanlıların deportasiyası və soyqırımı” şöbəsinin müdiri vəzifəsində də əl-qolu bağlı oturmadı. Üç cilddə “İrəvan dəftəri” kitablarını yazıb, “Vedibasar qətliamları”,” Erməni kilsəsi və Türk-Azrbaycan torpaqlarında dolaşmaqda olan ” Böyük ERmənistan” kabusu” onun gərgin əməyinin nəticəsi idi. Və bu kitabları illər sonra mənə verəndə İsrafil müəllimdə Vyaçeslav Tixonovdan əsər-ələmət də qalmamışdı. Yaşı hardasa 90-nı haqlamışdı. Gözündə qalın eynəklər vardı, amma ağı-qaradan seçməyi çox yaxşı bilən bir ziyalı təsiri bağışlamışdı mənə. Və mənim bu gün də ən çox təəssüfləndiyim məqam gec tanıdığım İsrafil müəllimi tez də itirməyim oldu. İsrafil müəllim bu il iyunun 25-də vəfat elədi. Onun dəfn mərasimi də qarışıqlığa düşdü. Şirməmməd Hüseynovun dəfni ilə eyni günə. Baxmayaraq ki, israfil Məmmədov da Şirməmməd Hüseynov qədər Azərbaycan tarixinə əmək verən bir ziyalı idi, biri cümhuriyyət tarixini, o biri erməninin etnik təmizləmə siyasətini araşdırıb tədqiq edirdi, o əməyinin mükafatını almadı. Qohumları-dostları sakitcə aparıb Mehdiabadda bir məzarlığa dəfn elədilər.

Hüzrə getmişdim, Xavər xanım dağ kimi oturmuşdu. Xanım-xatın, ziyalı, gözəl-göyçək. 18 yaşlı oğlunu itirən anadır Xavər xanım. Üstəgəl, oğlunun məzarını Yerevan qəbristanlığında qoyub gəldiyinin hardasa 30 ili tamam olacaqdı. Əli çatmırdı, ünü yetmirdi balasının məzarına. Həmişə deyirdi ki, mən oğlumla o ölən günü ölmüşəm. Amma nəfəs alırdı ki…?!

Və o nəfəs dünən kəsildi. İsrafil Məmmədovun Xavəri İsrafil müəllimin qırxına-qırx mərasiminə 3 gün qalmış gözlərini bu dünyaya əbədi qapadı. Qızı Ətirə xanımın göz yaşları içində dediyi sözlər hələ də qulağımdadır.” Demək ki, mama atamızı bizdən çox istəyirmiş”.

Məncə bu gecə Xavər xanımın ən rahat uyuduğu gecələrdən biri olub. Sevgili əri və oğlu ilə. Cənnətdəsiz, əminəm!

Gununsesi.org