İstanbulda Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının ikinci ildönümünə həsr olunan beynəlxalq konfrans keçiriləcək.
İyulun 16-da İstanbul Universitetində baş tutacaq tədbirin təşkilatçısı Türkiyə Hüquq Platformasıdır.
Konfransa dövlət rəsmiləri, siyasətçilər, elm adamları, jurnalistlər, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri qatılacaqlar. Tədbirə müxtəlif ölkələrdən nümayəndələr dəvət olunublar. Həmin tədbirdə Azərbaycanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təmsil edəcək.
Toplantıda dövlət çevrilişi cəhdləri, bunun arxasında dayanan xarici qüvvələr və onların maraqları, İslam dünyasında demokratiya ümidləri və gələcəkdə dövlət çevrilişləri cəhdlərinin olmaması üçün görülməsi zəruri olan işlər müzakirə ediləcək.
Konfransın açılışını Türkiyənin ədliyyə naziri Əbülhəmid Gül edəcək. O, “Türk dünyası və 15 iyul” mövzusunda çıxış edəcək.(Report)












