İtaliya səfiri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində olub

  • By admin
  • 18 Oktyabr 2017 14:18

IMG_3686

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini qəbul edib.

Gununsesi.info-ya İİTKM-dən verilən məlumata görə, görüş zamanı V.Qasımlı aparılan iqtisadi islahatların beş əsas istiqaməti olduğunu bildirib.

O, əlavə edib ki, bu istiqamətlər əsasən iqtisadi təşəbbüslər, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sosial islahatlar və Strateji Yol Xəritlərinin timsalında perspektiv inkişafı əhatə edir. Eyni zamanda V.Qasımlı Azərbaycanın investisiya imkanlarını, o cümlədən, sənaye zonaları və aqroparklarda yaradılan şərait, “ tik-istifadə et-təhvil ver” modelinin üstünlükləri barədə məlumat təqdim edib. O qeyd edib ki, Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsi birbaşa cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların nəticəsidir.

Səfir Auqusto Massari Azərbaycanda aparılan iqtisadi islahatları yaxından izlədiyini və yüksək qiymətləndirdiyini vurğulayıb. Səfir bildirib ki, İtaliya şirkətləri Azərbaycana investisiya qoymaqda maraqlıdırlar. Müzakirələr zamanı həmçinin İtaliya və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etməsi də xüsusi olaraq vurğulanıb.

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində də olaraq, ixracatçılara yaradılan əlverişli şəraitlə tanış olub

Gülnaz Qənbərli

Gununsesi.info