Jirinovski kimi sərsəmlərin Azərbaycanı aşağılamasına imkan verməmək üçün… - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 23 Oktyabr 2017 14:32

murteza bunyadli

Qarabağ münaqişəsi davam etdikcə qonşu ölkələrin, iri dövlətlərin və bəzi beynəlxalq güclərin bu münaqişədən öz məqsədləri üçün spekulyasının hələ çox şahidi olacağıq. Elə bir neçə gün öncə Vladimir Jirinovskinin son açıqlamasında Qarabağ münaqişəsini İsrail-Fələstin, Qüds münaqişəsi ilə eyniləşdirməsi bir daha dediklərimizi sübut edir. Kremlin xarici siyasətinin sözçüsü, Rusiya prezidentinin bu məsələdə “vuran əli” kimi tanınan Jirinovskinin Qarabağla bağlı son açıqlamasını və Azərbaycana həqarət dolu fikir səsləndirməsini təsadüf hesab etmək olmaz.

Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsində vasitəçilik missiyasında yer almasına baxmayaraq, Jirinovski açıq tekstlə ermənilərin işğalçılıq siysətini dəstəkləməklə demək istəyir ki, Kreml bu münaqişənin ədalətli həllində maraqlı deyil. Jirinovski açıqlamasında Qarabağı Azərbaycanın ərazisi kimi deyil, Rusiyanın bir parçası kimi gördüyünü bəyan edir və problemin açarının Rusiyanın əlində olduğunu bildirir. Və onun bu açıqlamasından ancaq Rusiya imperiyanın bərpa etmək niyyətinin iyi gəldiyini açıq görmək olar.

*******

Son dövrlərdə Azərbaycan və ölkə rəhbərliyi haqqında çox yüksək   fikirlər səsləndirən Jirinovskinin birdən-birə belə açıqlama verməsi bir çoxlarını düşünüdürür ki, onu buna vadar edən nə oldu?! Azərbaycanın Qərb tərəfindən təzyiqlərə məruz qaldığı bir zamanda niyə belə bir bəyanat səsləndirdi və sair və ilaxır.

İlk olaraq onu demək lazımdır ki, Qərbin Azərbaycana qarşı təzyiqləri elə Rusiyanın maraqlarına cavab verir. Və bu gün Ermənistandan daha çox Rusiya Azəbaycan-Qərb münasibətlərinin pozulmasında maraqlıdır. Elə son dövrlərdə istər Avropa mediasında, istər strukturlarında, istərsə də ölkələrində Azərbaycana qarşı başlanılan səlib yürüşünün arxasında Rusiyanın da rolunun olmasını danmaq olmaz. Rusiya gizlin formada müxtəlif vasitələrdən istifadə edərək Azərbaycana qarşı təzyiq kampaniyasının güclənməsinə dəstək verir.

Kreml hətta əlaltıları vasitəsi ilə Azərbaycan-Türkiyə münasibətlərinə də xələl gətirmək istiqamətində səy göstərir. Bu məqsədlə Rusiya Türkiyədəki müxtəlif qüvvələrdən və şəxslərdən istifadə edir. Kreml hesab edir ki, Azərbaycanın Qərb, Türkiyə və digər ölkələrlə münasibətini pozmaqla daha asan formada öz təsir dairəsinə salacaq və şərtlərini ona diqtə edib, qəbul etdirəcək.

Odur ki, Rusiya öz imperiya niyyətlərini həyata keçirmək və Cənubi Qafqazı öz təsir dairəsinə salmaq üçün çoxgedişli variantlardan istifadə edir. Bunlardan biri də bölgədə öz hərbi iştirakını artırmaqdır. Bu gün əminliklə deyə bilərik ki, Rusiya Ermənistanda hərbi iştirakı ən üst səviyyəyə qaldıraraq bu ölkənin müdafiə və təhlükəsizlik sistemini tam nəzarətinə keçirib. İstər Ermənistanın hava məkanı ilə bağlı hava-hücumundan müdafiə sistemi, istərsə xarici ölkələrlə sərhədini müdafiə etməsi, istərsə də digər qoşun birliklərində birgə hərbi birləşmələr yaratmaqla buna nail olub. Bunlarla yanaşı, Ermənistan da 102-ci hərbi bazanın mövcudluğu bütün dediklərimizə sübutdur. Rusiya Ermənistanda öz hərbi iştirakını daha da gücləndirmək üçün Azərbaycan vasitəsi ilə təzyiq edərək bu istəyinə asanlıqla nail olur. Yəni həm Azərbaycana müasir silah satmaqla, həm də Qarabağ cəbhəsində gərginlik yaratmaqla…

Bütün bunlar yenə də ümidin Azərbaycan xalqına və ordusuna qaldığını göstərir. Yaranmış durum bir daha onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti xalqa və orduya arxalanaraq bütün gücünü  hərb yolu ilə toraqlarını işğaldan azad etməyə yönəltməlidir. Bunu Cenevrə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də sübut etdi. Çünki nə beynəlxalq  güclər, nə də münaqişənin həllində vasitəçi qismində çıxış edən ATƏT-in Minqsk Qrupu həmsədr ölkələri Qarabağ məsələsinin danışıqlar yolu ilə həllinə maraq göstərmədikləri ilə bağlı mövqelərini bir daha ortaya qoydular.

ATƏT-in və həmsədr ölkələrin mövqeyi mövcud status-kvonun davam etməsinə və bununla da Ermənistanın işğalçılıq siyasətinin möhkəmlənməsinə xidmət edir. Elə Jirinovskinin son açıqlamasını da bu qəbildən olan bəyanat hesab etmək olar.

ABŞ Konqresində Helsinki Komissiyasında Qarabağla son dinləmələr zamanı amerikalı diplomatların və ekspertlərin səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir. Amerikalı diplomat, bir zamanlar ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri olmuş Keri Kavano Qarabağ münaqişəsinin dondurulmuş deyil, əksinə qaynar və çox təhlükəli bir münaqişə hesab edib və hər an alovlanmasını dilə gətirib. Amerikalı diplomat əvvəlki illərdən fərqli olaraq tərəflərin kompromisə yaxın olmamasını münaqişəni təhlükəli edən amil kimi dəyərləndirib.

O həmçinin, Rusiyanın uzun müddət Qarabağ münaqişəsində həlledici rola malik olmamasına da diqqət çəkib. Bildirib ki, Rusiya sonadək Qarabağ münaqişəsində həlledici rola malik olacağına şübhə ilə yanaşır. Ona görə də Rusiya əsas həlldici rola malik olmayacağını anladığından Qarabağda gərginliyin yaranmasında maraqlı deyil. Bu bir daha Azərbaycan tərəfinin Qarabağ münaqişəsinin güc yolu ilə həllinə imkanlar açır. Ermənistan və onun havadarları bunu bildiyindən Qarabağ cəbhəsində yaranan istənilən gərginlikdən ciddi narahatlıq keçirir. Çünki bilirlər ki, vəziyyət tamamilə fərqli istiqamətdə inkişaf edə bilər. Xüsusən də  Rusiya… Rusiya istəmir ki, münaqişə onun nəzarətindən çıxsın.

Odur ki, Azərbaycan tərəfi Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda daha sərt mövqe sərgiləməli və  təcavüzkar Ermənistana təzyiqlərin edilməsini tələb etməlidir. Paralel olaraq hərbə hazırlaşmalıdır. Enində-sonunda, istər bu gün, istərsə də 10 ildən sonra olsun Qarabağ münaqişəsi ancaq güc yolu ilə öz müsbət həllini tapacaq. O baxımdan daha 5-10 il və ya 15 il vaxt itirməyə dəyməz. Hələ zamanın kimin xeyrinə işlyəcəyini də bilmək olmaz. Əgər düşünülmüş formada addım atılarsa vəziyyəti öz xeyrimizə dəyişə bilərik.

Qarabağ məsələsi üzrə beynəlxalq ekspert Maqdalena Qrononun dediyi kimi, əgər Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində, özmüqəddəratını təyinetmə yolu ilə həllini tapmayacaqsa, o zaman bu münaqişənin regional alovlanma risqini böyükdür. Onun fikrincə, münaqişə qısa zamanda həll olunmazsa, münaqişə alovlanacaq və bu regional bir hal alacaq. Ekspert bu zaman prosesə region ölkələrinin də qatılacağını istisna etməyib. Xüsusən də Türkiyənin, İranın və Gürcüstanın burada yer alacağını bildirib. O deyib ki, İran və Gürcüstanda çoxsaylı azərbaycanlı yaşayır və onların bu prosesə aktiv qoşulması mümkündür.

Elə müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqoriy Trofimçuk da prezidentlərin son Cenevrə görüşünü şərh edərkən münaqişənin ancaq güc yolu ilə həllinin mümkünlüyünü vurğualyıb. Rusiyalı ekspert də bəyan edib ki, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində indiyədək yüzlərlə prezidentlər, xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilsə də, irəliləyiş əldə olunmayıb və nəticəsiz bitib.

Rusiyalı analitik deyib ki, Qarabağ münaqişəsi artıq açılım mərhələsindədir və münaqişə güc yolu ilə həllini tapa bilər: “Bunu xeyli sayda itki ilə aprel döyüşləri bir daha sübut etdi. Odur ki, müharibə istisna deyil. Təmas xəttində baş verən proseslər müharibənin davamıdır. Əgər qoşunların təmas xəttində minlərlə itki yoxdursa, demək, bu müharibə deyil. Odur ki, biz hər itkiyə görə diqqətli olmalıyıq. Bu hər gün baş verir və tərəflər itki verir”.

Bütün bunlar bir daha xalqı Qarabağ münaqişəsinin həllinə səfərbər etmək lazımdır və biz “Ya Qarabağ, ya ölüm” şüarını əsas götürüb faktiki fəaliyyətə keçməliyik. Bunun üçün ilk olaraq xalqın ictimai narazılığını meydanlara daşıyıb izdihamlı aksiyalara başlayıb beynəlxalq aləmin diqqətini problemə yönəltməliyik. Bununla paralel olaraq hərbə hazırlaşmalıyıq. Bunun alternativi isə yoxdur. Çünki xalqın izdihamlı etirazını meydanlarda nümayiş etdirmədən nə beynəlxalq aləmin diqqətini bu məsələyə çəkə biləcəyik, nə də onların işalçı ölkəyə olan təzyinə nail ola biləcəyik.

Bu olmayacağı təqdirdə biz hələ Jirinovski kimi sərsəmlərin aşağılayıcı açıqlamalarının şahidi olcağıq. Odur ki, kimsənin və hansısa sərsəmlərin Azərbaycan dövlətçiliyinə dil uzatmasına, onu dövlətin və millətin qürur hissi ilə oynamasına imkan verməməliyik. Buna yol verməmək üçün də izdihamlı Qarabağ aksiyalarına və hərbə hazır olmalıyıq. Bunun alternativi yoxdur. Kimsə deyirsə ki, ölüm-itkini göz önünə gətirirsə bu yanlışdır. Onsuz da gündə tərəflər itki verir. Milli qürurmuza, torpaqlarımıza sahib olmaq üçün son döyüşə hazır olmalıyıq. Əks təqdirdə əzildikcə əziləcəyik, aşağılandıqca aşağıalanacağıq, son isə kölə olacağıq. Aşağılanmaqdan, əzilməkdən, köləlikdən qurtulmaq istəyiriksə yolumuz müqəddəs VƏTƏN, işğal altında olan torpaqların azad olunması uğrundakı döyüşdən keçir.

Mürtəza  Bünyadlı

Gununsesi.info