Jurnalistdən Prezidentə müraciət - TƏZYİQLƏRƏ MƏRUZ QALIRAM

  • By admin
  • 19 Avqust 2022 15:23

Jurnalist Həbibə Abdulla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətinin bir surətini vitse-prezidentə,   aidiyyatı qurumlara, həmçinin xarici ölkələrin Bakıdakı səfirliklərinə də yollayan jurnalist davamlı təzyiqlərə məruz qalmasından bəhs edib.

Gununsesi.info Həbibə Abdullanın müraciərətini təqdim edir: 

Cənab Prezident!
Yazıb diqqətinizə çatdırıram ki, son təxminən 15 gündə artıq ikinci dəfədir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin əməkdaşları tərəfindən heç bir əsaslandırma və rəsmi çağırış vərəqəsi olmadan İdarəyə dəvət olunuram.

Birinci dəfə əsaslandırılmış çağırış vərəqəsi tələb etdim və görünür çağırış əsassız olduğu üçün bunu edə bilmədilər. İkinci dəfə yenə eyni qaydada rəsmi çağırış vərəqəsi tələb etdim, bu dəfə hazırda olduğum ünvanı soruşaraq, prokurorluq əməkdaşının yaxınlaşacağı bildirildi.
Cənab Prezident!

Mən artıq bir vətəndaş kimi, bir media işçisi kimi hüquqlarıma ciddi basqı hiss edirəm. Media sahəsində 24 ilə yaxındır fəaliyyət göstərirəm, bunun 20 ilə yaxınını jurnalist kimi işləmişəm. İllər öncə mediaya qarşı olan təzyiqlər, jurnalistlərin yersiz yerə saxlanmaları, həbs olunmaları hadisələrini çox görmüşəm. Aradan ötən müddət ərzində media ilə bağlı Sizin apardığınız DOSTYANA siyasət nəticəsində bu təzyiqlər, demək olar ki, aradan qalxmışdı.

Lakin son aylar ərzində yenidən media üzərində ciddi basqı var. Heç bir əsas olmadan Baş Prokurorluğun müxtəlif idarələrinə dəvət edilirik, heç bir əsas olmadan xəbərdarlıq edilir həmkarlarıma. Prokurorluq artıq media üçün “xoxan” rolunu oynayır. Ölkənin hüquq-mühafizə sisteminin dayaqlarından olan bir qurumun bu hala gətirilməsi həm də bir vətəndaş olaraq məni incidir.
Cənab Prezident! Vəziyyətin günü-gündən pisləşməsi azad ruhlu insanların ölkədə yaşamasını çətinləşdirir. Azad ruhlu insan həm də düşünən, pisi yaxşıdan ayırmağı bacaran, ölkəyə xeyir vermək amacında olan insan deməkdir. Mənim də bütün amacım dövlətimə layiqli vətəndaş olmaq, ölkəm üçün nələrsə etməkdir. Lakin bu gedişlə artıq bu mümkünsüz hala çevrilməkdədir. Mən lal, kar, kor ola bilmərəm!
Xahiş edirəm, məsələyə bir əncam çəkəsiniz!

 

Günay Təhməzova

Gununsesi.info