Keçmiş hakimin dələduz əməlləri Yarım milyonluq məhkəmə işi

  • By admin
  • 14 Sentyabr 2021 11:13

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hakim, dələduzluqda ittiham edilən Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Gununsesi.info xəbər verir ki, iclas hakim İlham Mahmudovun sədrliyi ilə keçirilib. Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Lətif Nəbiyev CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunur. Keçmiş hakim iki nəfərə qarşı 300 min dollardan çox dələduzluq edib.

Zərərçəkmişlərdən biri Rüstəm Abdullayev saytımıza bildirib ki, şərikli iş görmək adı ilə Lətif Nəbiyevə 59 700 dollar verib. Lətif ona Ucar və Kürdəmirdə qaz, İsmayıllıda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı iş gördüyünü və yaxşı qazanc olduğunu deyib. Sərmayə yatırdığı halda onun xeyir götürəcəyi vədini verib. Lakin vəd olunan qazanc Rüstəm Abdullayevə ödənilməyib.

Xatırladaq ki, Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı rayon Məhkəməsinin hakimi olub. 24 aprel 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

Gununsesi.info