Keçmiş məhkumun silah “anbarı”

  • Müəllif: admin
  • 09 Aprel 2018 11:24

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Gununsesi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əldə edilən məlumatlar əsasında bu istiqamətdə həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini Mikayıl Qafarovdan 1 ədəd pnevmatik tapança, 4 ədəd patron və 1 ədəd patron darağı götürüb. Bundan başqa 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunan Fəxrəddin Hacıyevin evindən 1 ədəd nömrəsi silinmiş yivli odlu silah, süngülü karabin kəsiyi (obrez), 1 ədəd pnevmatik tapança, 2 ədəd “F-1” qumbarası, avtomata məxsus süngü bıçaq və 65 ədəd müxtəlif çaplı patron, Astara Rayon Polis Şöbəsinin əməkdaşları Ağ körpü kənd sakini İsfəndiyar Hüseynovun yaşadığı evdən 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edərək götürüblər.
Saxlanılan şəxslər götürülən maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Gununsesi.info