Kişilər sınmasın… - JALƏ MÜTƏLLİMOVA YAZIR

  • By admin
  • 20 Sentyabr 2019 14:41

 

İki obraz dolaşır yaddaşımda hərdən.  Uşaqlıq illərindən yadigar. Gerçək adını indi də yadıma sala bimədiyim, ayaması ilə Cıqqar dayı dediyimiz bir fəhləni, bir də evimizin bənnası Adil ustanı.  Yaxşı yadımdadır, onlara “sən” deyə bilməzdik, bizdən böyük olduqları üçün. Yanlarında bərkdən danışa da bilməzdik bu üzdən.  Adil usta nahar etməyibsə, biz süfrəyə oturmazdıq. İkisi də zəhimli idi. Biz niyəsə onlardan çəkinirdik. Baxmayaraq, ikisi də vəzifə sahibi olan atamızın işçisi idi…

İllər sonra anladım ki, bizim münasibətin arxasında qorxu falan dayanmır. Böyüyə, Azərbaycanlı kişiyə  sayğı idi bu. Bizi belə tərbiyə eləmişdilər: Azərbaycan kişisi millətin qürur yerləri, ailə simvolu, ailə dirəyidir.

…Yol Polisini söyən, ankoloji xəstə olduğunu bildirən o yaşlı kişinin üzürxahlığına, ağlamasına, acizliyinə baxanda gəldi bunlar ağlıma. Sonra da ərinmədim, ağsaqqalın söydüyü videoya da baxdım. Bilmirəm mübahisəli məsələdə haqq kimdən yana olub. Amma dəqiqi bildiyim bir şey var, dünyaya demokratiya “püskürən” Amerikada belə polisə yanından keçib “xox” eləsən, səni ayağından asarlar. O ki, qaldı söyəsən, itələyəsən, paqonuna dəyəsən.  Gedib dönüb, arvadını, uşağını, özünü söyəsən.  Düzü  yolda kameralara tuş gələn görüntüdə polisə əhsən, kişiyə rəzil dedim. Sonra üzürxahlıq videosu, təcridxanadan fotoşəkilin sosial şəbəkərə yansımasına təəssüf elədim. Tamam, deyək ki, bu ibrəti aləm olmalı. Azərbaycan polisinin əyninə geyinib xidmətə çıxdığı forma şəxsi zövqü ilə tikilib əsbisə deyil. Polis dövlət adından xidmətə çıxır, dövlətə, qanunlara xidmət edir, forma da dövlətindir. Hə, o alayı məsələ ki,  bu sistemdə xeyli neqativ hallar var, hələ də öhtəsindən gəlmək mümkün deyil. Amma belə də götürəndə harada və kimdə yoxdur ki?!

Məsələ burda bitərdi əgər söyən ağsaqqal üzürxahlıq videosunun sonunda qorxusundan deməsəydi ki, söydüklərimin hamısı özümə, dalıyca da ağlamasaydı…

Əslində kiminsə ağzıboşluğa görə cəza alması normal şeydir.  Saxla, dəvət elə, yolla.  Amma xəbədradlıq etdinmi, o divarlar arasında qalmalı. Yox çıxdısa günah hər kəsdən getdi. Hələ bəlkə vəziyyət elə oldu ki,  söyənin tərəfini tutdu hamı. Dedilər bu mənəviyyatsızlıq eləmişdi, eləməsinə, bəs sizə nə gəlib axı?! Siz dövləti təmsil edirsiniz inzibati formada cəzalandırın, ya sutkalıq, ya da cərimə formasında cəza alsın, vəssalam.  Daha polisdən də öncə Azərbaycanlı kişi olan biri, o birini  niyə  rəzil edib, ağladıb bu vurhavurda kimərinsə qazanına su tökür ki?!

Bir məsələ daha. DİN-nin yeni rəhbəriliyi  pis başlamayıb. Pis başlamayan adamalara gözlənilmədən vurulan  “şapalaq”kimi görünür bu olay həm də.  Onda da bir məqama toxunmaq gərəkir, cənab bir-birinə şapalaq vuranlar.  Sizin  “şapalaqlar” ölkənin beynəlxalq imicinə zərbə vurur. Üstümüzə hücuma gəlirlər. Biri Boinqini sırıyır, biri mitinqlərə pul ayırı, biri söydürür, biri neft istəyir, biri qaz deyi, qaz, biri də hakimiyyət!.. Sizsə çox sadə bir məsələni başa düşmək istəmirsiniz. Etdikləriniz bizi sona yaxınlaşdırır. O sonda bizi vətənsizlik dəhşəti gözləyir. Cənablar, arada sakitləşin və düşünün ki, bir-birinizə “şillə” vurmaq üçün belə VƏTƏN lazımdır. İndi əlinizdən getmək üzrə olan o VƏTƏNdir!

Qoymayın getsin, dayanın, bir də elə eləyin məmləkətdə kişilər ağlamasın!

Məmləkət də evimizdir. Kişisi ağlayan məmləkətsə, dağılmaqdan başqa heç nəyə məhkum deyildir!..

Jalə Mütəllimova

Xüsusi olaraq,

Gununsesi.org üçün