Kişilərin doğduğu qadınlar - TÜRKAN TURAN YAZIR

  • By admin
  • 13 İyul 2017 14:12

10868024_1072648792750464_1398616708458442866_n

Eşqi dada çevirsək, bu, mənim üçün cheescake olar. Hə, sevgi cheescake kimi dadlı, fərqli, özəldir. Çox adam adını bilir, çox insan dadını, xeyli insan nə adını, nə dadını bilir, bir çox insan yeməkdən imtina edir, hər yerdə mükəmməlini tapmaq mümkün olmur. Mükəmməlini tapıb, daddıqda isə ləzzəti unudulmur. Eyni sevgi kimi… Yolumuz çox insanla kəsişir. Az qismi yaddaşdan silinməyən iz qoyur. Dəli kimi sevib, uğruna möhtəşəm xətalar etdiyimiz də, hər şeyimizi verib, sonda heç nəsiz qaldıqlarımız da olur. Bəzən də, elə biri olur ki, getsə də, yeri mükəmməl ipək üzərinə kaşmir parçadan qalın sap və iri iynə ilə yamaq tikilmiş kimi gözə girir.

Hansı ki, həmin parçaya ütü də çəksən, tikişini də dəyişsən, lap belə yamağı söküb atsan da, izini silmək mümkün olmur. Cəsarətli insanlar həmin ipəyi yamağı ilə bərabər götürüb atırlar. Cəsarəti çatmayanlar isə yamaq üstünə yamaq tikə-tikə, ömürü başa vururlar.

Gabriel kimi. Böyük bacısı ilə birlikdə rəqs edib, mahnı söylədikləri bir kafedə varlı zabit Etyenlə tanış olmasıyla başlayır, onun eşq həyatı…

Bacısı sevdiyi insanla qoşulub yaşadıqları qəsəbəni tərk etdikdən sonra bu, Parisə addım atmaq üçün Gabrielə əla bəhanə olur. Qapıdan qovulub, bacadan girdiyi Etyenin malikanəsində yaşamağa nail olur.

Əvvəllər yalnız gecəlik sevişmə üçün onu evində saxlamağa razı olan və dostlarının önünə çıxarmaqdan utanan Etyen, bir müddət sonra ən böyük hobbisi olan atçılığı mükəmməl öyrənən gənc qadına bağlanmağa başlayır.

Yaşadığı malikanə onlarla qadın görməsinə rəğmən, orada ən uzun qalan sevgili Gabriel olur. Hər gecə içən, kef məclisləri təşkil edən, əyləncə ilə ömür keçirən sevgilisi bir müddət sonra ona xaos kimi görünür.

İnsan bütün ümidini kəsdiyi vaxt, hər şeyi qəbul edir. Qapqara buludların arasında iynə ucu qədər işıq göründüyü zaman, bütün dünyasını o işığa bağlayır. O işıq qaranlıq “xaoslu gecələr”in birində doğdu, Royla bərabər.

Roy Etyenin dostu idi. İngilis əsilli bu yaraşıqlı Gabrieli eşqlə tanış edən kişidir.

Etyen bunu hiss edib, qısqansa da, biruzə verməmişdi. Hətta Royun Gabrieli iki günlük ondan “borc alması” və qısa tətilə aparmasına etiraz etmir.

Gabriel iki günü iki min il kimi yaşadı. Malikanədə keçirdiyi 3 ilin ardından yaşadığı bu iki gün, ona dünyanın heç də boğucu bir yer olmadığını xatırlatmışdı. Həyatında dənizi ilk gördüyü, gənc və soylu yaraşıqlı ingilisin yanında, insanların ortasında, əl-ələ, qol-qola, rəqs edərək keçirdiyi bu tətil, gənc qadının Roya dəli-divanə aşiq olmasına səbəb olur.

Sonra da deyirlər, qadınlar nə istəyir? Cəsarət, sevgi, güvən, əlindən tutulmasını istəyirlər. Heç bir qadın onu yavaş-yavaş söndürən kişiyə dözmür. Kişi onu söndürməyi sürətləndirdikcə, qadın ox kimi dartılıb, özünü kişinin yanından ən uzaq hədəfə atır.

İki günün ardından Roy onu Etyenə təslim edir.

Royda Gabrielə aşiq olmuşdu. Minlərlə bir-birinə bənzəyən qadının içində, sevə biləcəyi yeganə qadını tapmışdı.

Etyen bir vaxtlar evində saxlamaqdan imtina etdiyi, çevrəsindən gizlətdiyi qadının başqasını dəlicəsinə sevdiyini görəndə təlaşlanır.

Çox kişi belədir. Əvvəllər əhəmiyyət vermədiyi qadının, başqası tərəfindən sevildiyini, aşiq olunduğunu, əl üstə tutulduğunu görəndə, “qadının gerçək dəyərini” anlayır və iş işdən çoxdan keçmiş olur.

Etyen də o kişilərdəndir. Gabrieli bir dəfəlik itirdiyini hiss edəndə, ona evlilik təklif edir. Halbuki, bunun gənc qız üçün zərrə qədər əhəmiyyəti olmur. Çünki o, ilk dəfə özünə dəyər verən, qadınlığını hiss etdirən, sevgini önünə sərən kişini tapmış olur.

Getməyə qərar verən və ya gedən qadın üçün dünyanı ayaqları altına sərsəndə, dönüşü mümkün deyil. Bir qadın bir kişinin həyatında sevib-sevilmək üçün var. Sevilməməklə bərabər, bir də dəyər görmürsə, o qadın daha təhlükəlidir. Dünyanı belə tərs çevirəcək qədər gücə sahib olur.

Etyenin evlilik, atelye açmaq təkliflərini rədd edən Gabriel, Roydan başqa heç nə düşünmür. Etyen gənc qızın həyatını sarsıdan, əlindəki sonuncu qisas zərbəsini işə salır. Royun onunla evlənməyəcəyini, İngiltərənin ən zəngin ailəsindən birinin qızı ilə nişanlı olduğunu, yaxın günlərdə evlənəcəyini deyir.

Dünya Gabrielin başına çökür. Ümidsizliyin, məğlubiyyətin, sınmışlığın, çarəsizliyin içində qıvrılır. Həmin gün özünə, “…heç vaxt evlənməyəcəm!” sözünü verir.

Royla görüşür. Hər şeyi bildiyini deyir. Roy isə onu sevdiyini, ölənə qədər bunun belə davam edəcəyini deyir. Elə belə də olur. Gabriel sevdiyi üçün onun sevgilisi olmağı qəbul edir.

Sevgilisi bundan sonra ona, çox qabiliyyətli olduğu moda sahəsində, Parisdə kiçik bir atelye açacağını deyir. Deməklə qalmır və edir. Gabriel öz pulunu qazanır, bəzəkli tort kimi şlyapa geyinən, dəbdəbəli pərdə kimi gəzən qadınların tərzini dəyişir. Sevgilisi isə dayanmadan onu ruhlandırır, daha böyük işlərə imza ata biləcəyinə inandırır.

Royla Gabrieli bir-birinə bağlayan tellər sadəcə sevgi və biznes olmur. Oxuduğu kitablar, çılğın ehtiras, doyulmayan seks, bitməyən planları olur.

“Ehtiraslı Paris günləri”ndən birində gənc sevgililər son dəfə görüşürlər. Roy, birlikdə keçirəcəkləri bir aylıq tətil müjdəsini verdikdən sonra, yeni aldığı avtomobili ilə bir günlük İngiltərəyə üz tutur.

Bir gün bir ömür olur. Çünki Roy avtomobil qəzasında ölür.

Gənc qadın, evlənə bilmədiyi, ölümü ilə eşqi də yarımçıq qaldığı, iliyinə qədər ağrısını hiss edərək, iynəyə, sapa, parçaya sarılan, mükəmməl qabiliyyəti ilə dünya səviyyəsində stilist olur. Dünyanın ən parlaq, təmtəraqlı modelyeri, milyarder qadınların geyimlərinin yaradıcısı olan qadın – Coco Chanel belə doğulur.

Roydan sonra rusiyalı bəstəkar İqor Stravinsky ilə sevgili olur. Ayrıldıqdan sonra, İngiltərənin ən nüfuzlu adamı Westminsterlə nişanlanır. Ancaq o nişan da, “həyatı boyunca evlənə bilməyən bu qadına” evliliyi gətirə bilmir.

Coco Chanel bu hadisədən 7 il sonra memar Paul İrib ilə evlənməyə qərar verir. Bilirsiniz nə olur? Toya bir neçə gün qalmış İrib ölür.

Dəlicəsinə sevdiyi Royun vaxtında verdiyi sözü həyat ona əməl elətdirir. Beləliklə, Chanel evlənmək fikrini tamamilə unudur.

Roy da, Chanelin ipək parçasının üzərində, kaşmirdən qalın sap və iri iynə ilə tikilmiş yamağı olur. İzi ömürlük qalır. Boşluğu heç cürə dolmur. Bəzilərinin gəlişi, digərlərinin gedişi fəlakət olur. Royun gedişi ikincidən idi.

Kim deyir ki, kişilər doğmur? Kişilər də, doğur: sevgi dolu, uğurlu, dünyaya meydan oxuyan qadınlar, məhz kişilər tərəfindən doğulur. Chanel kimi!

Türkan Turan