Komandası Putini qurban verməyə hazırlaşır - MÜRTƏZA BÜNYADLI YAZIR

  • Müəllif: admin
  • 04 Dekabr 2017 16:58

Ağ Evin Rusiyaya qarşı tətbiq etdiyi ardıcıl və genişmiqyaslı sanksiyalar artıq öz bəhrəsini verməkdədir. Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiyalar, xüsusən də bu sanksiyaların ünvanlı olması, daha doğrusu Kremlin siyasi elitasının və Putinə yaxınlığı ilə seçilən konkret iş adamlarının adının “qara siyahı”ya salınması öz nəticəsini verməkdədir. Necə deyərlər, artıq Ağ Ev seçdiyi yolla qarşısına qoyduğu hədəflərə nail olmaqdadır.

Belə ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyasi, biznes elita arasında ciddi çatlar yaradıb və bu da öz növbəsində, Kremldə  qarşıdurmalara yol açıb. Bu çat isə günbəgün artmaqdadır. Düzdür, bu barədə indiyədək geniş ictimaiyyətə bilgi verilməsə də, bu açıq hiss olunurdu. Lakin Rusiya prezidenti Putinin mətbuat katibi Dmitriy Peskovun Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əsl mahiyyəti barədə verdiyi sensasiyalı bəyanatı bir “bomba” effekti verdi. Belə ki, “Amerika sanksiyasının hədəfində Rusiyanın biznes elitasının prezident Vladimir Putinə qarşı qoymaqla, 2018-ci il prezident seçkilərinə təsir etmək istəyi dayanır” deyən Peskovun bu açıqlaması birbaşa olmasa da, dolayısı ilə Kremldə baş verən çatlardan və bunun dərinləşməsindən xəbər verir. Baxmayaraq ki, Kremldə digər rəsmilər  bu fikri qətiyyətlə rədd etsələr də, baş verən proseslər, xüsusən də Rusiyanın nəzarətində olan Avrasiya İqtisadi Birliyində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş verən hadisələr, istərsə də son aylarda daxilində baş verən ictimai-siyasi hadisələr diqqət yetirilsə bunu açıq-aydın hiss etmək olar. Elə son iki ayda Ermənistanın Rusiyadan uzaqlaşaraq qərbmeyilli siyasi kurs sərgiləməsi və bunun nəticəsində İrəvanla Kreml arasında hadisələrin dərin konfrantasiya  həddinə çatması deyilənlərin bariz göstəricisidir. Hamıya bəllidir ki, Rusiyanın forpost və əyalət rolunu oynayan Ermənistanın öz ağasına qarşı belə baş qaldırması mümkün olmazdı. Ermənistan rəhbərliyinin Moskvaya belə “meydan” oxuması məhz Kremldəki çatların görüntüsündən xəbər verir. Əks təqdirdə Ermənistan Rusiyaya qarşı belə sərt formada çıxmanın aqibətinin necə olacağını yaxşı bilir. Belə olmasaydı ermənilər belə cürət nümayiş etdirə bilməzdilər.

Rusiyanın siyasi və biznes elitasına daha çox təsir edən amil isə ABŞ Konqresinin hərbi-sənaye kompleksi, xüsusi xidmət orqanları, 270 hüquqi şəxsə və konkret fiziki şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar ciddi rol oynayıb. Bundan əlavə, 2018-ci ilin fevralınadək ABŞ-da Rusiya ilə bağlı daha ətraflı bir hesabatın hazırlanması nəzərdə tutulur. Hansı ki, bu hesabatda Rusiyada Putinə yaxınlığı ilə seçilən ictimai-siyasi  xadimlərin və iş adamlarının adı yer alacaq. Bu şəxslərin adları ABŞ-da arzulolunmaz şəxs elan olunaraq, “qara siyahı”ya salınacaq. Bu siyahıya  Putinə yaxınlığı ilə seçilən Rotenberq qardaşları olan Arkadiy və Borisin, Gennadiy Klimçenkonun, Yuriy Kovalçuk və digər şəxslərin adının salınması ehtimalı böyükdür. Çünki bu sanksiyalara əsasən sanksiyada adı keçən hüquqi və fiziki şəxslərlə bank əməliyyatının aparılması, onlara kredit verilməsinə, bu şəxslərin ABŞ-a girişinə qadağa qoyulması nəzərdə tutulur.

Elə iki həftə öncə rusiyalı milyarder Süleyman Kərimovun Fransada  həbs edilməsi də Qərbin “qara siyahısı”nda olan şəxslərə qarşı başlanan əməliyyatın ilkin başlanğıcı kimi dəyərləndirilir. Artıq rusiyalı ekspertlər  bunun davamlı olacağını istisna etmirlər. Süleyman Kərimovun həbsindən sonra isə rusiyalı milyarderlərin və adı Qərbin “qara siyahı”sında olanların sanki “kürkünə birə salıb”.

Ağ Ev də yaxşı anlayır ki, ABŞ Rusiyaya qarşı belə sərt və qətiyyətli sanksiyalar qəbul etmədən Putinin komandasında çatlar yarada bilməyəcək. Yəni bu olmadan Ağ Ev qarşısında qoyduğu planları reallaşdıra bilməyəcək. Odur ki, Ağ Ev bu yolun effektli olduğunu bildiyindən Rusiyaya və Putinin komandasına qarşı daha cəsarətli və qətiyyətli formada sanksiyalar tətbiq etməklə, onun dünyadakı destruktiv rolunun qarşısını almağa çalışır.

Kreml də baş verənlərin fərqindədir. Lakin vəziyyətdən optimal çıxış yolu tapa bilmir. Və geri də çəkilmək istəmir. Çünki Putin komandası  hesab edir ki, geriyə addım atmaq nəinki hakimiyyətin itirilməsi, hətta Rusiyanın parçalanmasına yol aça bilər. Sanksiyalardan sonra Rusiyada yaranmış ağır sosial-iqtisadi durum isə buna ciddi zəmin yaradır.

Belə bir variant da mümkündür ki, Putinin ətrafı onu qurban verməklə Qərblə hansısa formada bazarlığa gedib münasibətləri tənzimləyərək, özlərini xilas edə bilərlər. Odur ki, 2018-ci il prezident seçkiləri Rusiya üçün önəmli hadisələrdən biri olacaq.

Mürtəza Bünyadlı

Gununsesi.info