Konstitusiya Gününə həsr olunan tədbirdə Ombudsmanın əməkdaşı iştirak edib

  • By admin
  • 13 Noyabr 2017 17:08

Elmira Süleymanova tərəfindən yaradılmış, BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusuna malik, ölkəmizdə ilk və yeganə qadın təşkilatı olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin nəzdində 2001-ci ildən səmərəli fəaliyyət göstərən Ahılların Resurs MərkəzindəAzərbaycan Respublikasının Konstitusiya Gününə həsr edilmiş tədbir keçirilib. 

Gununsesi.info-nun xəbərinə görə, hazırda Ombudsmanın resurs mərkəzi kimi tanınan, öz əməli fəaliyyəti ilə xeyirxah bir işə xidmət etməklə ahılların doğma ocağına çevrilən bu Mərkəz onların fiziki və mənəvi sağlamlığının qeydinə qalmağa yardımçı olan, fasiləsiz, ödənişsiz tibbi, psixoloji, hüquqi xidmətin göstərildiyi, eyni zamanda ahıl vətəndaşların istirahətinin, asudə vaxtının mənalı keçirildiyi, mütəmadi fəaliyyət göstərən, ölkəmizdə analoqu olmayan yeganə məkandır. 

Ahılların Resurs Mərkəzi üzvlərinin, o cümlədən qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan qadınların qatıldığı həmin tədbirdə iştirak edən Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov iştirakçıları İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın adından salamlamış və Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə təbriklərini çatdırıb. 

O, öz çıxışında Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsinin müstəqil dövlətimizin həyatında böyük dönüş nöqtəsi olduğunu, dövlət quruculuğu tarixində ilk dəfə olaraq Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunduğunu söyləmişdir. Bu baxımdan məhkəmədənkənar hüquq müdafiə mexanizmi və milli insan hüquqları institutu olan Ombudsman təsisatının fəaliyyətinin də məhz Konstitusiya Qanunu ilə tənzimləndiyini bildirməklə, bunun həm də dövlətimizin insan hüquqlarına ali dəyər kimi önəm verməsinin bariz təzahürü olduğu vurğulanıb. 

Müvəkkilin əməkdaşı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Konstitusiyada təsbit olunmuş insan hüquqlarının təmin olunması sahəsində Azərbaycanda son illərdə köklü islahatların aparıldığını, müxtəlif sahələri əhatə edən əhəmiyyətli strategiyaların, konsepsiyaların, dövlət proqramlarının, o cümlədən milli fəaliyyət plan və proqramlarının qəbul edildiyini, bütün bunların  isə hər kəsin iqtisadi, sosial, mədəni və digər hüquqlarının səmərəli təmini baxımından əhəmiyyətli olduğunu bildirib.

Konstitusiyanın bir dinamik sənəd kimi zamanın xüsusiyyətlərinə və tələblərinə uyğun olaraq vaxtaşırı əlavə və dəyişikliklər edilməklə təkmilləşdirildiyi, 24 avqust 2002-ci ildə birinci, 18 mart 2009-cu ildə ikinci və 26 sentyabr 2016-cı ildə üçüncü dəfə referendum yolu ilə əsas qanuna bir sıra əlavə və dəyişiliklərin edildiyi diqqətə çatdırılıb.

Ötən dövr ərzində ölkəmizdə həyata keçirilmiş Konstitusiya islahatlarının insan hüquqlarının inkişafına və idarəetmənin təkmilləşməsinə xidmət etdiyi vurğulanıb.

İştirakçılar bu tədbirin təşkilinə görə Ombudsmana təşəkkür etmiş, mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər.

Gülnaz Qənbərli

Gununsesi.info