Konstitusiya Məhkəməsi deputatı mandatdan məhrum edə bilər - ƏFLATUN AMAŞOV

  • By admin
  • 22 Aprel 2017 14:25
1435306349_eflatun-anmashov
Parlamentdə müzakirəsinə start verilən “Milli Məclis deputatının etik davaranış qaydaları haqqında” qanun layihəsi istər  parlament komitəsində, istərsə də  parlamentdənkənar  yerlərdə ciddi müzakirə predmetinə çevrilib.
Qanun layihəsinin  ictimai maraq kəsb etdiyini və onun əhəmiyyətini nəzərə alıb millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət etdik.
 Ə. Amaşov Gununsesi.info-ya açıqlamasında bildirib ki, qanun layihəsi ilə bağlı  deputatları daha çox orada bəzi sərt cəzaların tətbiqi narahat edir.
“Hesab edirəm ki, biz burada  hər hansı sərtlikdən qorxmamalıyıq. Əgər biz dünya praktikasına nəzər salsaq, görərik ki, dünyanın  müxtəlif ölkələrinin parlamentlərinin etik davranış kodeksləri var, burada parlamentin və deputatın reputasiyasının qorunması məsələsi əsas götürülür. Yəni, istənilən deputat  fəaliyyəti dövründə öz reputasiyası ilə yanaşı, parlamentin də nüfuzunu qorumalıdır. Hətta, elə ölkələr var ki, deputat bu reputasiyanı pozduğuna görə, həbs  və onun barəsində ciddi cəzalar tətbiq olunur”- deyə, millət vəkili vurğulayıb.
O, əlavə edib ki, məsələn, Böyük Britaniya və Polşada  hansısa deputat parlamentin işinə ciddi mane olursa və ya  gəlirləri, əmlakı barədə düzgün məlumat vermirsə, deputat mandatından məhrum edilməsə də, həbs olunur.
“Almaniyada isə parlamentin iclası zamanı kimsə kiməsə, hansısa böhtan atırsa, buna görə onu həbs gözləyir. Odur ki,  hər bir ölkənin özünəməxsus qaydalrı var. Ancaq bu gün Azərbaycanda hazırlanan qanun layihəsində deputatları daha çox narahat edən məsələ  deputatın mandatdan məhrum edilməsi ilə bağlı olan  müddəadır. Ona görə də bununla bağlı təklifim var”- deyə, millət vəkili vurğualyıb.
Ə. Amaşov  təklif edib ki, Konstitusiyanın 107-ci maddəsinə əsasən parlament seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsi təsdiq etdiyindən, deputatın da  mandatdan məhrum edilməsi məsələsinə Konstitusiya Məhkəməsi baxsın.
“Yəni, Konstitusiya Məhkəməsinin rəyinə əsasən Milli Məclis deputatın mandatdan məhrum edilib-edilməməsi məsələsinə baxıb, mandatdan məhrum edə bilər. Bu zaman Milli Məclisin də qəbul etdiyi qərar obyektiv  və ədalətli olar. Daha doğrusu, Milli Məclis  özünü də  müəyyən başqa söz-söhbətlərdən sığortalamış olar”- deyə, o, bildirib.
Millət vəkili eyni zamanda qanun layihəsindəki digər məqamlara da toxunub, yəni,  hədiyyə, qonaqlıq və maraqlarla bağlı olan müddəalara da mövqeyini ifadə edib.
O, bildirib ki, dünya parlamentlərinin fəaliyyətində lobbiçilik  məsələsi var.
“Düzdür, Azərbaycanda  hələ ki, bununla bağlı qanun layihəsi yoxdur, ancaq hesab edirəm ki, bu məsələ kodeksdə hansısa formada öz əksini tapmalıdır. Belə ki, hər hansı bir deputat bir qurumun, qrupun iqtisadi maraqlarını  öz maraqları naminə müdafiə edən qanunu və ya sənədi dəstəkləyirsə, o, bu barədə mütləq parlament rəhbərliyini, yaxud, komitəni məlumatlandırmalıdır. Parlament rəhbərliyi bilməlidir ki, hansısa deputatın  müzakirəyə çıxarılan məsələdə marağı var.
 Digər bir  təklifim isə ondan ibarətdir ki, deputat gəlir deklorasiyası və əmlakı barədə məlumatı düzgün doldurmalıdır. Əgər  deputat  deklorasiyanı düzgün doldurmazsa, onun mandatdan məhrumetmə məsələsinə baxıla bilər. Növbəti bir təklif isə  hədiyyələrlə bağlıdır. Bu məsələyə də baxıb, optimal bir variant tapmaq olar. Məsələn ABŞ-da  deputat il ərzində qanunla 100 dollaradək, Almaniyada  1000 Avroyadək hədiyyə ala bilər.  Biz də xalqımızın bəzi xüsusiyyətlərini nəzərə alaraq müəyyən bir miqdar  tətbiq edə bilərik.
Burada eyni zamanda, xarici ezamiyyələr məsələsi əsas məsələlərdən biridir və bu baxımdan, hesabatlılıq məsələsi  təmin edilməlidir. Odur ki, qəbul edəcəyimiz sənəd sanballı və nümunəvi bir sənəd olmalıdır.  Və orada hansısa iradlar üçün yer olmamalıdır”- deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info