Lənkəran sakinləri ilə görüş keçirildi - FOTOLAR

  • By admin
  • 23 Avqust 2019 12:22

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Şürük kəndində səyyar qəbul-görüş keçirib. 

Gununsesi.org xəbər verir ki, prezident Administrasiyasının 5-ci sektorunun müdiri Dəyanət Abdullayevin, İcra strukturları nümayəndələrinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçən görüşdə sakinlərin müraciətləri diqqətlə dinlənilib və qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Tədbirdə İcra başçısı Taleh Qaraşov çıxış edərək cari ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlərin qazanıldığını, çox mühüm yol layihələrinin icra edildiyini, o cümlədən çayçılıq, baramaçılıq, çəltikçilik və sitrusçuluqda müəyyən irəliləyişlərin əldə olunduğunu vurğulayıb.

O, ölkə başçısının tapşırığı ilə təkcə Lənkəranda 1200-dən çox vətəndaşın haqqıödənilən ictimai işlərə cəlb olunduğunu, rayonda xalça fabrikinin, İstisu Sağlamlıq Mərkəzinin və digər sosial obyektlərin istifadəyə verilməsi ilə turizmin inkişafında əsaslı dönüşün yaradıldığını, hazırda rayon üzrə 9 ümumtəhsil məktəb üçün yeni binaların inşa olunduğunu və 2 məktəbdə əsaslı təmir-bərpa işlərinin görüldüyünü bildirib.

Sonda İcra başçısı irəli sürülən təkliflər və fərdi müraciətlərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.