“Lavrovun açıqlaması bir daha sübut etdi ki, İrəvana təsir etmək niyyəti yoxdur” - ELXAN ŞAHİNOĞLU

  • By admin
  • 20 Noyabr 2017 11:24

“Rusiya münaqişənin həlli məqsədilə Ermənistana təsir etməyəcək, deməli Azərbaycanın tələb etdiyi “mərhələli həll” planına soyuq yanaşır”.

Gununsesi.info xəbər verir ki, bunu “Atlas” araşdırmalar mərkəzinin rəhəbəri Elxan Şahinoğlu Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfəri zamanı verdiyi açıqlamanı şərh edərkən deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdadır. Dövlət başçısı İlham Əliyev Lavrovla görüşdə ikitərəfli əlaqələrin genişlənməsindən danışaraq söhbəti Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”. Lavrovun buna cavabı belə olub: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır. Burada biz sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır”.

Politoloq deyib ki, bu açıqlamalar görüşün mətbuata açıq hissəsində səslənib. Görüşün qapalı hissəsinə gəldikdə isə E.Şahinoğlu bildirib ki, burada  nələrin danışıldığını ancaq ehtimal edə bilərik: “Ancaq Lavrovun mətbuat üçün açıq hissəsədə dediyi bir neçə cümlədən gəldiyim qənaət budur: Birincisi, Lavrovun münaqişənin həlliylə bağlı yeni ideyası yoxdur. İkincisi, Rusiya münaqişənin həlli məqsədilə Ermənistana təsir etməyəcək, deməli Azərbaycanın tələb etdiyi “mərhələli həll” planına soyuq yanaşır. Üçüncüsü, Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki, “əgər münaqişənin həllini istəyirsinizsə, biz deyəni qəbul etməlisiniz, ermənilərin referendum keçirmək hüququnu tanımalısınız”.

Mürtəza

Gununsesi.info