Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb

  • By admin
  • 27 Fevral 2023 19:07

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fevralın 27-28-də Azərbaycana rəsmi səfərinin proqramı məlum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında (XİN) məlumat yerləşdirilib.

“Səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin – 2022-ci ilin fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edəcək. Sənəd beynəlxalq məsələlərdə və hərbi-siyasi əməkdaşlıqda koordinasiyanın gücləndirilməsini, terror təhlükəsinə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur”, – bəyanatda qeyd edilib.

S.Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Onun xarici işlər naziri Ceyhun Bayramovla danışıqları da nəzərdə tutulub.

XİN-in bəyanatında bildirilib ki, ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Sergey Lavrov “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” adlı konfransda da iştirak edəcək. Bu tədbir Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində keçiriləcək və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının ildönümünə həsr olunacaq.

Gununsesi.info