
Azərbaycan cəmiyyətində Rusiya XİN başçısı Sergey Lavrovun Bakıya səfəri və burada Qarabağla bağlı aparılacaq danışıqlardan çox böyük gözləntilər var idi. Lakin bu gözləntilər özünü doğrultmadı. Lavrovun Azərbaycana səfəri zamanı verdiyi açıqlamalar bir daha Qarabağ münaqişəsinin həllində açar rolunu oynayan Moskavaya dikilən ümid dolu gözləntiləri puça çıxarmış oldu.
Lavrovun istər Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə, istərsə də ADA Universitetində çıxışı zamanı səsləndirdiyi fikirlər bunu deməyə əsas verir.
Belə ki, Azərbaycan prezidenti Lavrovla görüşündə “Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır” fikrinə qarşılıq olaraq Lavrov bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır. “Burada biz sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır” – deyə, o vurğulayıb.
Lavrovun bu açıqlaması bir daha Moskvanın diplomatik qaydada münaqişənin həllindən boyun qaçırmaqda və status-kvonun davam etməsində maraqlı olduğunu ortaya qoymuş oldu. Bu bir daha Moskvanın Qarabağ münaqişəsindən istifadə edərək bölgədəki təsir dairəsini genişləndirərək hərbi-siyasi, iqtisadi və geosiyasi maraqlarını təmin etmək niyyətini ortaya qoyur. Bu isə rusiyalı nazirin Bakıda iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyədə olması barədə verdiyi bəyanatların ruhuna uyğun gəlmir. Təəssüflər olsun ki, biz bu səfərdə heç bir müsbət not hiss etmədik. Biz sadəcə Rusiyanın bir daha Qarabağ münaqişəsindən bir rıçaq və yaxud “Domokl qılıncı” kimi istifadə edərək Ermənistan və Azərbaycana təsir etmək istəyinin şahidi olduq. Yəni Rusiya topu Azərbaycanın meydanına atmaqla, məsuliyyəti Bakının üzərinə atır. Demək istəyir ki, ya gedin özünüz razılaşın, ya da biz deyəni qəbul edin və ondan sonra məsələyə hansısa formada baxa bilərik.
Yəqin ki, bağlı qapılar araxasında keçirilən görüşlərdə Lavrov Kremlin şərtlərini Azərbaycan rəhbərliyi ilə müzakirə edib. Bağlı qapılar arxasında keçirilən görüşdə də Kremlin ədalətli həll planına ümid etmək o qədər də ağlabatan görünmür. Çünki Kreml öz şərtləri daxilində Qarabağ münaqişəsinin tam həllini deyil, ətraf rayonların bir qisminin azad olunmasını təklif edərək, münaqişəni sonsuzadək konservləşdirmək planını təklif edir ki, bu da Azərbaycan üçün qəbul edilməzdir.
Ona görə də Azərbaycan rəhbərliyi bu şərtləri qəbul etməyəcək. Və hansısa formada bu təkliflərdən boyun qaçıraraq öz şərtlərini diqtə edəcək. Bakı Kremlin bu cəhdlərindən maksimum yaralanıb optimal bir variant tapılmasına çalışacaq.
Hər iki ölkə özü məsələni həll etməsinə gəldikdə isə bu müstəvidə münaqişənin həllinə nəinki Rusiya, digər güclər də imkan vermir. Əks halda Azərbaycan İrəvanı danışıqlar yolu ilə güc variantından istifadə etmədən işğalçılıq siyasətindən geri oturtmaq üçün kifayət qədər potensila malikdir.
Burada bir nüansı da unutmaq olmaz ki, Lavrovun səfəri noyanrın 24-də Brüsseldə Avropa İttifaqı “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin dövlət başçılarının sammiti öncəsi reallaşır. İstisna deyil ki, Lavrovun Bakı və İrəvanda keçirdiyi görüşlərdə bu məsələlər də ələ alınaraq müzakirə olunub. Kreml Azərbaycanın Avropa İttifaqı ilə gələcək planları ilə maraqlanmaqla yanaşı, öz şərtlərini də irəli sürməsi istisna edilmir.
Lavrovun ADA Universitetindəki çıxışında Qarabağ məsələsinə toxunaraq “ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir” ifadəsi isə onu deməyə əsas verir ki, Kremlin Cənubi Qafqazı tam təsir dairəsinə keçirməyə imkan verməyən Ağ Evdir. Ağ Ev Kremlin Cənubi Qafqaz planlarını əngəlləyir. Əgər ABŞ olmasaydı Rusiya bu planını beynəlxalq hüquq normalarını nəzərə almadan həyata keçirərdi. Bunun üçün Lavrovun Avrasiya İqtisadi İttifaqı ilə bağlı “Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya birliyidir. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik” verdiyi açıqlama yetərlidir.
O, birliyə yeni üzvlərin qəbul edilməsini hər zaman alqışladıqlarını bildirib: “Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır. Bizə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir. Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq”. Lavrovun bu bəyanatı hər şeyi çılpaqcasına ifadə edir. Rusiya XİN başçısının bu bəyanatı Kremlin hələ də imperiya siyasətindən əl çəkmədiyini və bu istiqamətdə ciddi səylərdə bulunduğunun göstəricisidir.
Son olaraq Qarabağ məsələsinə qayıdaraq demək yerinə düşərdi ki, Azərbaycan cəmiyyətinin işğal altında olan torpaqların azad olunmasında yeganə istinad nöqtəsi elə Azərbaycan xalqının özü və ordusudur. Bunu istər Ərdoğanın Putinlə Soçidə son görüşündə Qarabağla bağlı apardığı müzakirələrin yekunu ilə bağlı verdiyi açıqlamalar olsun, istərsə də, Lavrovun Bakı səfəri zamanı verdiyi bəyanatlar bir daha sübut edir. Odur ki, xalqın dəstəyinə arxalanıb, xalqın bütün potensialından yararlanmaqla torpaqların azad olunmasına nail ola bilərik.
Mürtəza Bünyadlı
Gununsesi.info










