Liderlik məktəbinin üzvləri Neft Kimya Prosesləri İnstitutunda olublar - FOTOLAR

  • By admin
  • 29 Yanvar 2018 18:06

Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi (AUGSŞ) nəzdindəki Liderlik Məktəbinin 100-dək üzvü AMEA-nın Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.

Gununsesi.info-nun xəbərinə görə, onlar həmin institutun direktoru, Azərbaycan kimya elminin nüfuzlu simalarından olan, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor, tanınmış ictimai xadim Vaqif Abbasovla görüşmüşlər. Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, NKPİ-nin nümayəndələri, Liderlik məktəbi üzvlərinin valideynləri və müəllimlər iştirak ediblər.

Akademik Vaqif Abbasov qonaqları salamlamış, bu institutun zəngin tarixi və fəaliyyəti, Azərbaycan tarixində müstəsna yerləri olan və burada çalışmış görkəmli kimyaçı alimlər, o cümlədən Yusuf Məmmədəliyev, Murtuza Nağıyev, Vahab Əliyev, Soltan Mehdiyev və elmə töhfə vermiş digər şəxsiyyətlər, bu gün elm sahəsində olan mühüm yeniliklər barədə ətraflı məlumat vermişdir. O, Müvəkkilin insan hüquqları, o cümlədən ölkəmizdə əhalinin bütün qruplarının, uşaq və gənclərin hüquq və azadlıqlarının müdafiəsi və təmininə böyük diqqət göstərdiyini yüksək dəyərləndirib.

E.Süleymanovanın yaratdığı və 15 ildən çoxdur ki, müntəzəm fəaliyyət göstərən AUGSŞ-in nəzdindəki Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğu bildirilmiş, məktəbin fəaliyyətinin uşaqların hüquqlarının həyata keçirilməsinə kömək etdiyi önə çəkilmişdir. Bu gün neçə-neçə uğura imza atmış Liderlik Məktəbinin yetirmələri ilə tez-tez görüşdüyünü bildirən V.Abbasov, bu məktəbdə “Azərbaycan – yurdum mənim!” devizi ilə ölkəmizin tanınmış şəxsləri, elm, təhsil, mədəniyyət xadimləri tərəfindən uşaqlara ölkəmizin tarixi, təbii sərvətləri, ekologiyası, mədəniyyəti, incəsənəti, eləcə də insan və uşaq hüquqları, vətənpərvərlik, nitq mədəniyyəti, təhsil, sağlamlıq, din, sağlam həyat tərzi və digər mövzularda interaktiv təlim metodundan istifadə edərək öyrədildiyini söyləyib.

Akademik qonaqlara liderlik fəlsəfəsinin mahiyyəti, liderliyin 21 qanunu, liderə xas olan xüsusiyyətlər, şəxsiyyət kimi yetişmələri üçün lazım olan keyfiyyətlər barədə danışmış, respublikamızda uşaq və gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini söyləmiş, sağlam həyat tərzi keçirməyin vacibliyini bildirmişdir. Habelə həmin alimin həyat fəlsəfəsini əks etdirən sənədli film nümayiş etdirilib.

Ombudsman elm məbədi olan bu institutda görüşün böyük əhəmiyyətini vurğulamış, müəllimi olmuş akademik Y.Məmmədəliyevlə bağlı xatirələri, özünün uzun illər buradakı elmi fəaliyyəti haqqında məlumat vermişdir. O, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və təmininə, gənc nəslin inkişafına, problemlərinin həllinə yönəlmiş tədbirlərin keçirildiyini qeyd etmiş, bu istiqamətdə Ombudsmanın çoxşaxəli fəaliyyəti, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələri, maarifləndirmə tədbirlərini diqqətə çatdırıb.

E.Süleymanova Liderlik Məktəbinin üzvlərinə doğma yurda, ailəyə, müəllimlərə, böyüklərə məhəbbət və hörmət, ata-anaya ehtiram, milli adət-ənənələrimizə sədaqət ruhunda tərbiyələnməyi, əsl vətənpərvər və layiqli vətəndaşlar kimi yetişməyi tövsiyə etmişdir. O, uşaqlara daha çox biliklər əldə etməyi məsləhət görərək, elmli insanın çətinliklərin öhdəsindən daha asanlıqla gəldiyini, həyatda yüksək nailiyyətlər əldə etdiyini deyib.

Ombudsman və institutun direktoru bu maraqlı görüşdə uşaqların fəallığından razı qaldıqlarını, Liderlik Məktəbində birləşən uşaq və gənclərin yaradıcılığa həvəs göstərdiyini, liderlər kimi yetişdiyini qeyd etmiş, uşaqların çoxsaylı suallarını cavablandırıblar.

Sonda Liderlik Məktəbinin üzvü, Texniki-humanitar liseyin 6-cı sinif şagirdi Sərdar Dəmirovun məharətlə söylədiyi, xalq şairi Cabir Novruzun məşhur “Azərbaycanı sevin, sevin Azərbaycanı!” şerini iştirakçılar böyük həyəcanla dinləyiblər.

Qonaqlar institutda Y.Məmmədəliyevə həsr olunmuş Memorial Muzeydə olmuş, oradakı eksponatlara baxmış və ətraflı məlumat almışlar. “Vaqif Abbasovun aforizmləri və məsləhətləri”, habelə onun “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” adlı kitabları Liderlik Məktəbinin üzvlərinə bağışlanmış, sonra çay süfrəsi arxasında səmimi söhbət aparılıb.

Sonda uşaqlar və valideynlər maraqlı görüş və ətraflı məlumat üçün Ombudsmana və institutun direktoruna səmimi təşəkkürlərini bildirmiş, onlara fəaliyyətlərində yeni uğurlar arzulayıblar.

Gülnaz Qənbərli

Gununsesi.info