Məcburi köçkünün problemi tezliklə öz həllini tapacaq - AĞDAM RAYON MƏHKƏMƏ QƏRARLARININ İCRASI ŞÖBƏSİNİN RƏİSİ SÖZ VERDİ

  • Müəllif: admin
  • 03 İyul 2017 14:41

agdam-bina

“Əliyev Fərman İbrahim oğlunun işə bərpa qərarı və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi barədə məhkəmə qərarı çıxarılıb. Hazırda həmin qərarın yerinə yetirilməsi üçün sənədlər Ağdam Rayon Maliyyə İdarəsinə rəsmi məktubla birlikdə göndərilib”.

Bu haqda Gununsesi.info-ya Ağdam Rayon Məhkəmə qərarlarının icrası şöbəsinin rəisi Gülmalı Rzayev “Məcburi köçkün əməkhaqqını ala bilmir” sərlövhəli yazıya münasibət bildirərkən deyib.

G.Rzayev bildirib ki, həmin qərarın yerinə yetirilməsi Ağdam Rayon Maliyyə İdarəsinə həvalə olunub: “Məhkəmə qərarı var və o yerinə yetirilməlidir. Maliyyə İdarəsinə xatırlatma məktubu da yazmışıq ki, qərar var, icra olunmalıdır. Maliyyə idarəsi Ağdamda yerləşdiyinə görə, sənədləri bizə göndəriblər. Biz məhkəmə qərarını müzakirə etmirik. İcrasına nəzarət edirik. Çalışırıq ki, vətəndaşın hüquqlarını qoruyaq və qərarlarını icrasını yerinə yetirək. Yenə də işə nəzarət edirik ki, qərar icra olunsun. Tezliklə problem öz həllini tapacaq”.

Qeyd edək ki, Ağdam rayonu, Muğanlı kənd sakini, məcburi köçkün Əliyev Fərman İbrahim oğlunun üzləşdiyi problemlə bağlı Gununsesi.info-nun elektron ünvanına şikayət məktubu daxil olub.

Həmin müraciətdə bildirilib ki, Əliyev Fərman İbrahim oğlu 15.08.1962-ci ildə Ağdam rayonunun Muğanlı kəndində anadan olub, Ağdam qaçqınıdır və hal-hazırda Mingəçevir şəhər “Turistbazası”nda məskunlaşıb. O, Ağdam rayonu 72 saylı orta köçkün məktəbində təsərrüfat müdiri işləyib. Heç bir səbəb olmadan məktəbin direktoru tərəfindən qanunsuz olaraq işdən azad edilib. İşdən qanunsuz azad olunduğuma görə Mingəçevir Şəhər Məhkəməsinə, Şəki Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət edib.

Məhkəmələr araşdırıb, öyrənilib ki, o, heç bir səbəb olmadan işdən azad olunub. Buna görə də Əliyev Fərman İbrahim oğlunun işə bərpa qərarı və məcburi iş buraxma müddəti üçün də əməkhaqqımın ödənilməsi barədə qərar çıxarılıb. Lakin 2 dekabr 2015-ci ildə işə bərpa olunmasına baxmayaraq, məhkəmələrin qərarına əsasən nə məcburi buraxdığı iş üçün, nə də 2 dekabr 2015-ci ildə işə bərpa olunduğu vaxtdan bu günədək əməkhaqqını ala bilir.

Gülnaz Qənbərli

Gununsesi.info