Məhkəmə Elçin Sadıqovla bağlı ev dustaqlığı qərarını dəyişmədi - VƏKİL BAKINI TƏRK EDƏ BİLMİR

  • By admin
  • 27 Oktyabr 2022 17:14

Bakının Binəqədi Rayon Məhkəməsi vəkil Elçin Sadıqovun “ev dustaqlığı” ərazisinin Bakı şəhərindən Azərbaycanın ərazisi ilə əvəz edilməsi barədə ərizəsini təmin etməyib.

Bu barədə Gununsesi.info-ya danışan Elçin Sadıqov bildirib ki, onun paytaxtı tərk edə bilməməsi vəkillik fəaliyyətinə qoyulan əngəldir:

“Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərarı ilə siyasi sifarişlə barəmdə açılan saxta cinayət işi üzrə “ev dustaqlığı” ərazisinin Bakı şəhərindən Azərbaycan Respublikası ərazisi ilə əvəz edilməsi barədə ərizəm təmin edilmədi. Halbuki əksər qərarlarda Azərbaycan Respublikasının ərazisi kimi qeyd edilir. Qərardan apelyasiya şikayəti vermişəm”.

Xatırladaq ki, jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-da prokurorluq orqanları tərəfindən saxlanılıb.

Sentyabrın 11-də Bakının Binəqədi Rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət almaq) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib. Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin müşahidə şurasının keçmiş sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədovun yaxınlarından rüşvət almaqda, vəkil isə vasitəçilik etməkdə təqsirli bilinir.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib, peşə fəaliyyətləri ilə bağlı olduğnu bəyan edib.

Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyib. Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını istəyiblər.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

 

Mətləb

Gununsesi.info