Məhkəmə-Hüquq Şurası məhkəmələrə ictimai etimadı yarada biləcəkmi? - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 25 İyun 2023 11:57

İllərdir, aylardır yazırdıq, tələb edirdik ki, müvafiq icra hakimiyyəti orqanının (ədliyyə naziri) rəhbərinin Məhkəmə-Hüquq Şurasının sədri olması Konstitusiyaya ziddir. Çünki, məhkəmə hakimiyyətin ayrıca bir müstəqil qolu olduğundan ədliyyə nazirinin Şuraya sədrliyi yolverilməzdir.

Bununla bağlı illərdir ki, beynəlxalq təşkilatlar da öz mövqeyini ifadə edirdi.

Nəhayət,  Fİkrət Məmmədov Şura rəhbərliyindən kənarlaşdırıldı.
Bundan sonra Məhkəmə-Hüquq Şurasının özü nə dərəcədə müstəqil olacaq, bunu demək çətindir.

Azərbaycanın məhkəmə sistemi ciddi böhran dövrünü yaşayır. Baxmayaraq ki, Avropa Şurasına üzv olduqdan sonra qanunvericilik bazasında müəyyən müsbət dəyişikliklər olub.

Hakimlərin seçilməsində biliklərinin müəyyənləşdirilməsi üçün test imtahanı tətbiq olunub bə sair.
Ötən illər ərzində Avropa Şurasının məhkəmə-hüquq islahatları layihəsi  çərçivəsində on milyonlarla vəsaiti xərclənib.

Ancaq bir sıra hallarda bu layihələrdən bəhrələnən hakimlər sonradan konvensiyaya zidd qərarlar çıxarıb.

İnam Kərimovun timsalında Məhkəmə Hüquq Şurası doğrudan da bu sahəyə ictimai etimadın yaranması istəyirsə, ciddi addımlar atmalıdır.
Məsələn, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna nə dərəcədə əməl olunması araşdırılmalıdır.
Azərbaycan Avropa Şurasına daxil olarkən Ali Məhkəmə Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyinin Azərbaycan dövləti tərəfindən tanınmasına dair xüsusi qərar qəbul edib.
Ancaq ötən illərin təcürbəsi göstərib ki, məhkəmələr buna əməl etmir.
Konvensiyanın 5 (azadlıq hüququ) vəı 6-ci (ədalətli məhkəmə araşdırması hüququ) elə bir ay, həftə olmur ki , pozulmasın.
Xüsusilə, bu, ictimai-siyasi fəallara, media nümayəndələrinə münasibətdə pozulur ki, ortada siyasi qərarın olması şübhə doğurmur.
Azərbaycan hökuməti indiyədək bu pozuntulara görə külli miqdarda cərimələr ödəyib.
Məhkəmə-Hüquq Şurası ilk növbədə təhlil aparmalı, hansı pozuntuların daha kütləvi olmasını müyyənləşdirməli və ciddi qərarlar qəbul etməlidir.
Bu qərarlar arasında Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu tanımayan hakimlər haqqında inzibati tənbeh tədbirləri də nəzərdə tutulmalıdır.

Bundan başqa Məhkəmə-Hüquq Şurası Avropa Şurasının insan haqları komissirının ofisi başda olmaqla, Amnesty İnternational, Human Rights Watch, Freedom House , Sərhədsiz Reportyorlar və dünyanın nüfuzlu insan haqları qurumları ilə əməkdaşlığa açıq olmalıdır.

Pərviz Həşimli

Gununsesi.info