Məhkəmə jurnalistin vəsatətlərini təmin etdi- Araz Bayramov özü isə prosesdən yayınır

  • By admin
  • 30 İyul 2021 14:47

Bu gün Nərimanov rayon Məhkəməsində həyat yoldaşımın sağlamlığını itirməsinə səbəb olan həkim Araz Bayramova qaldırdığımız iddia üzrə məhkəmə işinin növbəti, 2-ci baxış iclası keçirildi.

Hakim Vüqar Quliyevin sədrliyi ilə baş tutan prosesə, uroloq-androloq Araz Bayramov bu dəfə də gəlmədi, məhkəmədə onu vəkili Asif Mədətov təmsil etdi.

İlkin baxış iclasında olduğu kimi jurnalistlər məhkəmə zalına məhdud, yəni 1 nəfər olmaqla buraxıldı.Məhz bu səbəbdən məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verə bildim.

Qeyd edim ki, bu iclasda Araz Bayramovun vəkili müdafiəsini həm yoldaşıma, həm də mənə şər atmaqla icra edirdi. Sözünə guya mənim ötən məhkəmədə “belə hallar təəssüf ki, olur, bizim də başımıza təsadüfən gəldi”- dediyimə istinad edib, xanımının da dediyi kimi hər şey təsadüfdir, fakt o ki, xəstənin əməliyyat olunan böyrəyində heç bir problem yoxdur deyə bildirdi. Halbuki bu cür ifadə qətiyyən işlətməmişəm, işlətsəydim, bu məhkəmənin açılmasına səbəb nəydi deyə sualıma isə yenə də sadəcə söz yığınından ibarət, faktlara əsaslanmayan cavablar verdi.

Vəkilin daha bir şər xarakterli müdafiə “fakt”ına görə, guya əməliyyatdan öncə Anar Gözəlovun psixoloji problemləri olub. Sonradan bu cür ifadə işlətdiyini imtina etsə də, hörmətli vəkil çıxış etməmişdən öncə unutmuşdu ki, həyat yoldaşım əməliyyatdan 1 gün öncəyə qədər bir dövlət qurumunun nəzdində fəaliyyət göstərən müəssisədə məsul vəzifədə çalışıb və ixtisasca maliyyəçidir.

Bundan əlavə, Araz Bayramovun vəkili ötən iclasda hakim Vüqar Quliyevin tələb etdiyi əməliyyat video yazısını özünəməxsus səbəb gətirərək təqdim edə bilmədi. Vəkil ancaq ekstremal hallarda əməliyyatın video yazıya alındığını söylədi. Halbuki Anar Buta Klinikasında olduğu dövrdə dəfələrlə şəxsən mənə ehtiyyac olarsa sizə təqdim edərik, bizdə İT mütəxəssis kənardan gəlir, vacib olanda veririk videoları deyə Araz Bayramov bildirmişdi. Əməliyyatın 6 saata yaxın çəkdiyini heç bir fakt ortaya qoymadan yenə ancaq sözlə rədd etdi, hətta həmin gün orada mənimlə bərabər Anarın anası, bacısı, qardaşının həyat yoldaşı və mənim anamın olduğunu bilə-bilə. Yeri gəlmişkən deyim ki, Buta Klinikasının girişi, Stasionar şöbəsi və bufeti daxil, olduğum hər yerdə kamera görüntüsü çəkilirdi.

Vəkilin daha bir maraqlı çıxışı:” İddiaçı tərəf demək istəyir ki, onda 10 saat davam edən bütün əməliyyatlarda hamı insult keçirməlidir”.

Cənab vəkil hələ də anlmır ki, əməliyyatın neçə saat çəkməsi edilən tibbi prossedura görə bəzən normal, bəzən anormal qiymətləndirilir. Anarın böyrək əməliyyatı Araz Bayramovun dediyinə görə maksimum 40 dəqiqə olmalıydı, halbuki səhər saat 10 radələrində hazırlığa alınır xəstə, 11:32-də köməkçisi Şəhlanın votsapıma yazdığına görə əməliyyata başlayan həkim axşam saat 17.45 radələrində bufetə xəstə yaxınlarına əlində bir qabda böyrək daşı ilə yaxınlaşaraq, əməliyyatın elə indicə bitdiyini deyir. Bunlar faktlardır, şahidlərsə sağdır. Ölü olan Araz Bayramovun vicdanı və video lentə alaraq sonradan yox etdiyi kadrlardır.

Bir sözlə məhkəmədə ancaq söz fakt olaraq qarşı tərəfdən bizə sübut kimi təqdim olundu. Mənsə ölkəmin ədalət sisteminə və cənab hakimin verəcəyi vicdanlı qərara güvənib bu qeybəti dinləmək zorunda qaldım.

Məhkəmə prosesi tərəfimizdən ekspert rəylərinin alınması məqsədilə edilən təklifə məhkəmənin müsbət cavabı ilə qeyri-müəyyən vaxta ertələndi.

İşə düzgün hüquqi rəyin veriləməsi üçün məsələni Səhiyyə Nazirliyi yanına Ekspertiza şurasının mütəxəssisləri qiymətləndirəcək. Ədalətli olacaqlarına inanıram!

Xatırladım ki,həyat yoldaşım Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) Buta Klinikasında cərrah uroloq-androloq Araz Bayramova müraciət edib.

Adıçəkilən klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub.

Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Sonra aparılan müayinələr zamanı xəstənin əməliyyat zamanı ikitərəfli beyin infarktı keçirdiyi məlum olub.

Gununsesi.info