Məktəblərdə telefon qadağası: Bu qaydaların tətbiqi hansı nəticələri verir? - AÇIQLAMA

2023-cü ildə tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq edilib.

Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq, təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.

Bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir.

Həmin məktəblərdə bu qaydaların tətbiqi hansı müsbət nəticələri verib? Ümumiyyətlə, bu qaydalara əməl edilirmi?

Digər bir problem isə mobil telefonların uşaqların sağlamlığına ciddi ziyan vurması ilə bağlıdır. İsveçdə aparılmış tədqiqatların nəticələrində aydın olub ki, 8-12 yaşlarında mobil telefondan istifadə edən uşaqlarda artıq 21 yaşlarında beyin şişləri 18 yaşdan sonra mobil telefonlardan istifadə edənlərdən beş dəfə çoxdur. Alimlərin fikrinə görə, mobil telefonların insan sağlamlığına mənfi təsiri kompüterdən, planşetlərdən və televizordan daha çoxdur.

Uşaqları hansı faydalı vərdişlər vasitəsilə mobil telefonlardan uzaq saxlamaq olar? Bu məsələdə məktəbin və ailənin rolu nə qədərdir?

Məsələ ilə bağlı elm və təhsil eksperti Rizvan Fikrətoğlu Gununsesi.info-ya danışıb.

“Şagirdlərin məktəbə ağıllı saat, telefon və digər bu tipli elektron cihazları gətirməsi və istifadə etməsini bir neçə istiqamətdə düşünmək olar. Sadaladıqlarımız arasından mobil telefonun şagird tərəfindən gətirilməsi başa düşüləndir. Valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilirlər. Lakin digər tərəfdən şagirdin məktəbdə telefondan istifadə etməsi fikir dağınıqlığına və dərs prosesinin pozulmasına səbəb ola bilər. Bu da istər-istəməz dərsin keyfiyyətinə təsir göstərir. Bundan başqa, mobil telefonlardan istifadə şagirdlərin sağlamlığına və təlim-tərbiyəsinə mənfi təsir göstərə bilər”, – deyə o bildirib.

Ekspert bildirib ki, bir sıra xarici ölkələrdə, müəyyən yaş qrupları arasında telefonların məktəbə gətirilməsi qadağası var.

“Azərbaycan məktəblərində də əvvəllər belə təcrübə olub. Bu məsələ yenidən aktivləşirsə, onda şagirdlərin hüquqlarının məhdudlaşdırılması kontekstindən deyil, təhsilin keyfiyyətinin yaxşılaşdırılması baxımdan yanaşma sərgilənməlidir.

Ancaq hər kəsin gizlətməyə çalışdığı reallıq var. Bu məsələ son günlər şagirdlərin müəllimlərinin, həmyaşıdlarının qeyri-normal hərəkətlərini çəkib sosial şəbəkədə paylaşdıqdan sonra baş verdi. Düşünürəm ki, bu məsələlərdən sonra mobil telefonların və digər cihazların şagirdlərdə qadağan edilməsi mübarizə üsulu deyil. Çünki bu halda müəllim və şagirdlər daha arxayın, sanki nəzarətsiz şəkildə öz xoşagəlməz əməllərini daha da artıracaq. Sadəcə ictimaiyyətdə real faktlar olmayacaq. Bu da məsələnin ictimailəşdirilməsindən kənarda qalacaq. Burada müəllimlərin fəaliyyətinin məhdudlaşmasından söhbət getmir.

Sual edirəm, şagird dərs zamanı telefondan istifadə etmirsə, dərsi pozmursa, onun telefonu niyə alınmalıdır? Bəs belə halda telefonların qadağan edilməsi nəyə görədir? Məqsəd qanunsuzluqların ictimailəşdirilməsinin qarşısını almaqdırsa, düşünürəm ki, obyektiv üsul deyil.

Nəzərə alaq ki, İKT-nin inkişaf etdiyi indiki vaxtda qadağalar deyil, əlimizdə olanlardan müsbət istifadə ideyası ortaya qoyulmalıdır. Yaxın keçmişdən fərqli olaraq şagirdyönümlü bilik və bacarıqların formalaşdırılması günün ən vacib tələbi olduğundan qloballaşan dünyada bacarıqların formalaşması üçün İKT avadanlıqlarına, eyni zamanda, ağıllı telefonlara böyük ehtiyac var.

Bütün bunları nəzərə alaraq, şagirdlərin məktəbdə smatrfon telefonlardan istifadə etməsinə qadağa qoyulması birmənalı deyil. Nəticə etibarilə telefon və digər bu kimi cihazların qadağası mövcud problem həll edə bilməyəcək”.

Gununsesi.info-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, məktəblərdə məktəb mühiti yaradılsa, şagirdlərin dərslərinə daha ciddi yanaşmasına kömək edər.

“Universitet müəllimi olduğum üçün telefonların dərs vaxtı tələbələrə xeyli mane olduğunu görürəm. Ancaq cıxış yolu bu deyil.

Hesab edirəm ki, məktəblərin hamısında sosial iş xidməti olmalıdır. Məktəblərdə iş xidməti yaradılmalıdır. Sosial iş xidməti həm telefonlara nəzarət edər, həm də digər məsələlərə baxa bilər.

Psixoloqlar, “məktəbli dostu” anlayışı artıq daha köhnəlib, 10-15 il öncələrdə qalıb.

Qeyt etdiyim kimi, indiki vaxtda məktəblərdə sosial işçilər mütləq olmalıdır. Onlar məktəblərdəki təhsil mühitini şagirdlərin davranışını, müəllimlərin davranışını təhlil etməli, müəyyən tövsiyələr hazırlamalı və bunların həyata keçirilməsinə çalışmalıdır”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info