Mən qoca təlxəyəm! – Çarli Çaplinin qızına məktubu

  • By admin
  • 16 Aprel 2017 12:05
Tom Wilson (le policeman), Charlie Chaplin (le vagabond) et Jackie Coogan (le gosse)
Tom Wilson (le policeman), Charlie Chaplin (le vagabond) et Jackie Coogan (le gosse)

Bu gün dahi aktyor Çarli Çaplinin doğum gündür. Kulis.az bu münasibətlə onun 1965-ci ildə 21  yaşlı qızı Ceraldinaya yazdığı məktubu təqdim edir. 

 

«Qızım mənim!

Bu gün Milad gecəsidir. Mənim kiçik qəsrimin bütün silahlı əsgərləri artıq yatıblar. Sənin qardaşın, bacın yatıblar. Hətta sənin anan da yatıb. Sən məndən nə qədər uzaqdasan! Lakin sənin təsvirin daim gözümün qabağındadır. Sənin portretin burada, masanın üzərindədir və burada, mənim qəlbimdədir. Bəs sən haradasan? Orada nağıllar diyarı Parisdə, möhtəşəm teatral səhnədə rəqs edirsən. Mən buna əminəm, lakin sanki gecənin qaranlığında sənin addımlarının səsini eşidirəm, göy üzündə ulduzlar kimi işıldayan gözlərini görürəm.

Sənin bayram səhnəciyində tatar xanına aşıq olmuş fars gözəli rolunu ifa etdiyini eşidirəm. Gözəl ol və rəqs et! Ulduz ol və parılda! Lakin əgər tamaşaçıların coşğusu və səni təqdir etmələri səni sərxoş edəcəksə, əgər hədiyyə aldığın güllərin ətrindən huşunu itirəcəksənsə, bir küncə otur və mənim məktubumu oxu, ürəyinin səsinə qulaq as. Mən sənin atanam, Ceraldina! Mən Çarliyəm, Çarli Çaplin! Sən körpə olanda yatağının başında neçə yuxusuz gecə keçirtdiyimi, sənə yatmış gözəl, əjdaha haqqında nağıllar danışdığımı bilirsənmi? Gözümdən yuxu töküldüyü zaman isə mən yuxunu qovaraq deyirdim:

«Get! Yuxum mənim qızımın arzularıdır!»

Mən sənin arzularını görürdüm, Ceraldina, sənin gələcəyini, bugünkü gününü görürdüm. Mən sanki göylərdə süzən pərilər kimi səhnədə rəqs edən qızı görürdüm.

Tamaşaçılara necə: «Bu qızı görürsünüz? Bu qoca təlxəyin qızıdır. Yadınızdadır, onun adı Çarlidir?» – dediklərini eşidirdim.

Bəli, mən Çarliyəm! Mən qoca təlxəyəm! Bu gün sənin növbəndir. Rəqs et! Mən köhnə cırıq şalvarda rəqs edirdim, sən isə şahzadələrə yaraşan ipək libaslarda rəqs edirsən. Bu rəqslər və alqışlar səni bəzən göyə qalxızacaq. Uç! Göylərə uç! Lakin yerə də en! Sən insanların həyatını görməlisən. Soyuqdan və aclıqdan tir-tir əsən küçə rəqqaslarının həyatını görməlisən. Mən də onlar kimi olmuşam, Ceraldina. Sənin yatdığın gecələrdə, sehrli gecələrdə mən oyaq idim.

 

Gununsesi.info