Mərkəzi Bank Hökumət Ödəniş Portalının fəaliyyətini niyə dayandırıb? -EKSPERT ŞƏRHİ

“Mərkəzi Bank Hökumət Ödəniş Portalının (HÖP) fəaliyyətini niyə dayandırdı, anlamıram. Çox rahat idi. Əziyyət çəkmədən bütün büdcə, kommunal və s. ödənişləri rahatca etmək olurdu. Hökumət bir tərəfdən ASAN xidməti timsalında əhalinin rahatlığı üçün xidmətləri mərkəzləşdirir, Mərkəzi Bank digər tərəfdən vaxtilə qurulmuş mərkəzləşdirilmiş və əhali üçün rahat olan portalı ləğv edir”.

Gununsesi.info bildirir ki, bunu ekspert Samir Əliyev deyib.

“Təsəvvür edin əvvəl rahatca istənilən kart ilə vergi borclarını rahatca ödəyə bilirdin. İndi bununla bağlı çətinliklər yaranıb.

Bank hesabından real rejimdə büdcə ödənişləri ancaq sahibkar hesabından ödəmək mümkündür. Yenə də Dövlət Vergi Xidməti sağ olsun.

HÖP-ü öz sisteminə inteqrasiya edib. Artıq şəxsi kabinetimdən ilk ödənişi etdim. Sistem Beta versiyadadır hazırda və təbii ki, təkmilləşdirilməyə ehtiyac var.

Elə ilk baxışdan da 2 çatışmazlıq gördüm. Birincisi, xüsusilə də böyük məbləğlər üçün komissiya haqqının yüksək olmasıdır.

Məsələn, mənim nümunəmdə bankdan köçürülən vəsaitlə şəxsi kabinetdən köçürülən vəsaitə görə fərq 4-5 dəfə oldu. İkincisi, ödəniş etdikdən sonra ödənişlərin arxivini tapa bilmədim.

Yəni ödənişi subut etmək üçün “ödəniş çeki”ni tapa bilmədim.

Dediyim 2 çatışmazlıq aradan qalxsa DVX-in ödəniş portalı daha münasib olar.

Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın HÖP-ü ləğv etməsi ən çox zərbəni mikro sahibkarlara vurur”– deyə ekspert əlavə edib.

 

 

 

Şəbnəm

Gununsesi.info