
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatı “qırmızı xəttə” yaxınlaşıb.
Gununsesi.info Mərkəzi Banka istinadən xəbər verir ki, noyabrın 1-i üçün valyuta ehtiyatlarının həcmi əvvəlki aya nisbətən 3 faiz azalaraq 4 milyard 5 milyon dollar olub.
Bu isə valyuta ehityatları üçün son hədd sayılır. İlin əvvəlinə nisbətən rezervlərdə 1 milyard dollar azalma müşahidə edilir.
Beləliklə, 2014-ci ilin ikinci yarısından sonra başlanan böhran nəticəsində Mərkəzi Bank manatı saxlamaq üçün 11 milyard dollar intervensiya etməli olub. Maraqlıdır ki, təkcə oktyabr ayında manatın məzənnəsinin tənzimlənməsi, dollara olan tələbatın ödənilməsi üçün Mərkəzi Bank 127 milyon, Dövlət Neft Fondu isə 371 milyon dollar hərraclara çıxarıb.
Nəğd pul dövriyyəsi isə, əksinə 638 milyon manat artmaqla 7 milyard 448 milyon manata yüksəlib.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, sentyabr-oktyabr aylarında Mərkəzi Bankın valyuta azalması müşahidə olunmağa başlayıb:
“Sentyabrın sonu və oktyabrın əvvəli siyası baxımdan hökumət üçün mühüm dövr hesab olunurdu. Referendum və ondan sonrakı zamanlarda ictimai sabitliyi saxlamaq maliyyə qurumları ciddi intervensiyaya getdilər. Yəni Mərkəzi Bank vəsaitini müəyyən qədər xərcləməli oldu. Oktyabrın 20-dən sonra ictimai fikri sakitləşdirməyə ehtiyac olmadığına görə məzənnə ilə bağlı siyasət dəyişdirildi. Ona görə də, manatın məzənnəsi dollara nisbətən ucuzlaşmaqda davam edir”.
R.Həsənovun fikrincə, Mərkəzi Bank bundan sonra bazara dollar intervensiya etməyəcək:
“ Mərkəzi Bank üçün minimum hədd 4 milyard dollardır. Çünki bir neçə dəfə ehtiyatları 4 milyarda yaxınlaşdıqda qurum hərracları dayandırıb. Məsələn, mart-avqust aylarında sözügedən qurum cəmi bir dəfə valyuta hərracına getmişdi. Bundan sonrakı dövrdə isə, siyası məqamların aradan qalxdığını nəzərə alsaq, Mərkəzi Bank bazarlarda baş verən proseslərə ciddi müdaxilə etməyəcək. Buna görə də, valyuta ehtiyatlarının azalması ilin sonuna kimi azalacaq”.
Lakin ekspert manatın kəskin bahalaşacağını düşünmür:
“Bazarda dollara olan aylıq təlabat təqribən 300 milyon ətrafındadır. Dövriyyədə manat kütləsinin həcmi artsa da, amma yenə kifayət qədər yetərli deyil. Pul kütləsinin artamsı büdcə xərcləmələrinin artması ilə bağlıdır. 9 ay ərzində dövlət büdəcinin cəmi 55 faizi icra olunmuşdu. Bu səbəbdən növbəti rübdə xərcləmələr daha da artacaq. Həm iqtisadiyyatın, həm də bank sektorunun kifayət qədər manata qarşı tələbatı var. Yaranmış tələbat isə manatın kəskin dalğalanmasının qarşısını alan amildir. Amma mərhələli şəkildə dəyər itirməkdə davam edəcək. Hökumətin özü də bununla bağlı ciddi narahatlıq keçirməyə başlayıb”.
Vüsalə Rüstəmova
Gununsesi.info











