Mancukiç Avropa Kubokları mövsümündə ən yaxşı qolun müəllifi oldu

  • By admin
  • 29 Avqust 2017 20:19

municik

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Mario Mancukiç İspaniyanın “Real” (Madrid) komandasının qapısına vurduğu qola görə başa çatmış 2016/2017-ci illərin Avropa Kubokları mövsümündə ən qəşəng qolun müəllifi hesab edilib.

Gununsesi.info Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytına istinadla bildirir ki, Mancukiç bu qolu iyunun 3-də Kardiffdə Çempionlar Liqasının final matçında vurub.

Oyunun 27-ci dəqiqəsində rəqib komandanın cərimə meydançasında sinəsini qabağa verərək topu qəbul edən hücumçu “qayçı” fəndi işlədərək onu kral klubunun qapısının küncünə vurub.

Bu qol sayəsində “Yuventus” “Real” ilə qarşıdurmada hesabı bərabərləşdirsə də, Turin klubu məğlubiyyətdən yaxa qurtara bilməyib. Madrid klubu 4:1 hesabı ilə qalib gələrək dalbadal ikinci dəfə Çempionlar Liqasının qalibi olub.

Rəy sorğusunda iştirak edənlərin 26 faizi Mancukiçin vurduğu həmin qolu mövsümün ən yaxşı qolu hesab ediblər. “Fənərbaxça”nın seneqallı hücumçusu Mussa Sou (25 faiz) və Avropa Liqasında onun “Mançester Yunayted” komandasının qapısına vurduğu qol ikinci yeri, “Real”ın braziliyalı yarımmüdafiəçisi Kazemironun (20 faiz) Çempionlar Liqasında “Napoli” ilə görüşdə uzaq məsafədən vurduğu qol isə üçüncü yeri tutub.

Gununsesi.info