MHP-nin Şuşadakı məktəb layihəsi iptal edilir? - BAXÇALININ İNCİK BƏYANATINA HİKMƏT HACIYEVDƏN REAKSİYA

  • By admin
  • 30 May 2021 01:43

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının (Devlet Bahçelinin) Şuşadakı məktəblə bağlı açıqlaması hər kəsdə təəccüb yaradıb.

Gununsesi.info xatırladır ki, özünün tvitter hesabında məlumat yayan Dövlət Baxçalı bildirib ki, Azərbaycan yönətimi MHP-nin məktəb layihəsini qəbul etməyib, yeni layihə hazırlayıb. Buna görə də MHP “okul layihəsindən vaz keçir”.

Baxçalı, həmçinin, məktəb üçün MHP yə maddi dəstək göstərən hər kəsin ödəyəcəyi pulu geri qaytaracağını deyib:

“Məsələyə münasibəti isə millətin ixtiyarına buraxıram” deyən Dövlət Baxçalının bəyanatı qısa zamanda böyük rezonansa səbəb olub.

Bu arada Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev MHP-nin Şuşadakı məktəb planından danışıb. O,  bildirib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.
“Mütəxəssislər səviyyəsində incəsənət məktəbi binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub.
Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunaraq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanılacaq”.

Gununsesi.info