Millət vəkilləri maaşlarının artırılmasından XƏBƏRSİZDİRLƏR

  • Müəllif: admin
  • 27 Dekabr 2017 13:28

Deputatlar maaşlarının artırılmasından xəbərsizdirlər.

Gununsesi.info “Turan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, 2018-ci ildə Milli Məclisin saxlanılması xərcləri 25 milyon 432 min manat təşkil edəcək. Bu, dövlət büdcəsi layihəsində nəzərdə tutulandan 1,2 milyon manat çoxdur. Belə görünür, deputatlar maaşlarının artmasına nail olurlar.

Prezident İlham Əliyevin dekabrın 26-da dərc edilən “2018-ci ilin dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanına əsasən, hər deputatın əməkhaqqına ayda 800 manat əlavə olunur.

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafaya müraciət etdik. Fazil Mustafa Gununsesi.info-ya açıqlamasında deyib ki, belə bir məlumata malik deyil və maaşlarının artırılacağından xəbərsizdir.

O əlavə edib ki, büdcə ilə bağlı müzakirələr zamanı Milli Məclisin büdcəsinə 1,2 milyon manat əlavə olunub. “Orada maaşların artırılması  yox, daha çox  xarici ezamiyyələr, avtomobil və avadanlıqların alınması nəzərdə tutulur”- deyə, o bildirib.

Maaşların artırılması barədə yayılan xəbərlərə gəldikdə isə F.Mustafa  deyib ki, bundan xəbərsizdir: “Artırılacaq, artırılmayacaq, heç nə deyə bilmərəm. Bu barədə heç bir bilgiyə malik deyiləm”.

Gununsesi.info