“Minimum əmək haqqının 116 manat olduğu halda, imtahanın 40 manat olması ağlasığmazdır”   - EKSPERT

  • By admin
  • 07 Mart 2017 14:36

 

kamran

Tarif (qiymət) Şurası bakalavriat, magistratura və rezedenturaya qəbul imtahanlarının tariflərini bahalaşdırıb.  Belə ki, Tarif Şurasının dünənki iclasında  Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılmış və müvafiq qərar qəbul edilmişdir.

Belə ki, Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilib.

Qeyd edık ki, dövlət başçısının 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda ilk dəfə iştirak üçün müraciət etmiş ümumi təhsil müəssisələrini bitirən Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin dövlət büdcəsi hesabına ödənilənəcək.

Beləliklə, kolleclərə təkrar imtahanlarında iştirak üçün 20 manat, ali təhsil müəssisələrinə 40 manat, magistraturaya 60 manat, rezenturyata 100 manat tarif müəyyənləşib. Eyni zamanda, iştirakçılar əlavə 18 faiz əlavə dəyər vergisi də (ƏDV) ödəməli olacaq.

Təhsil üzrə ekspert Kamran Əsədov Gününsəsi.info-ya bildirdi ki, 2016-cı ilin aprel ayından etibarən dövlət başçısının sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilərək, əvəzində respublika ərazisində imtahan keçirilmə prosesi Dövlət İmtahan Mərkəzi adlı publik şəxsə həvalə edildi: “O zaman publik şəxsə keçid elan olunduqdan sonra, imtahanlar zaman 1 nəfərə çəkilən xərcin dəyərinin 25 manata başa gəldiyi açıqlandı. Bunun nə dərəcədə real olduğu xərclərin strukturu ortaya qoyulduğu zaman bilinə bilər.  Bir neçə gün əvvəl bildirdilər ki, məqsədləri imtahanlardan qazanc əldə etmək deyil.  Onda əvvəl 25 manat hesabladığınız xərc  40, 50, 60 və 100 manata necə qalxdı?”.

K.Əsədov qeyd edir ki, Azərbaycanda minimum əmək haqqının 116 manat olduğu halda,  bakalavr pilləsi üçün imtahanın 40 manat olması ağlasığmazdır: “Amerikada minimum əmək haqqı 2500 dollardır və SAT imtahanı 35 dollar təşkil edir. Türkiyədə ÖSS imtahanları var ki, 2 mərhələdən ibarətdir. Orada asgeri hücret (minimmun əmək haqqına bərabər ödəniş) 2 min TL-dır, amma imtana qatılmaq haqqı 55 və 30 TL-dıir. Azərbaycana isə yeni tarif fantastik bir həddədir.

Doğrudur,prezidentin imzaladığı sərəncama görə, dövlət imtanalarında 2 dəfə iştirak edənlərin 1-ci  iştirakının xərci dövlət hesabına ödəniləcək”.

Təhsil eksperti deyir ki, ali məktəblərə sənəd verən abituriyentlərin 63 faizi həmin ilin məzunları olur, 37 faizi isə əvvəlki ilin məzunları: “Məsələn,  rus bölməsinə təkrar imtahan verən şəxs birinci “Azərbaycan dili”ndən imtahanda iştirak etmək üçün 10 manat ödəməlidir. O, eyni zamada qabiliyyət imtahanında iştirak edəcəksə 30 manat da ona ödəniş etməlidir. Öz ixtisas qrupu üzrə imtahanda iştirak üçün isə 40 manat ödəniş aparacaq. Bu, hələ ƏDV-dən kənar qiymətdır. ƏDV ilə birlikdə ödəniş 48 manat olur.

Yəni tariflərin üzərinə  18 faiz ƏDV –ni də gələndə 20 manatlıq ödəniş 23.60 AZN-ə, 40 manatlıq  47.20 AZN-ə, 50 manatlıq 59 AZN-ə, 60 manatlıq 70.80 AZN-ə, 100 manatlıq ödəniş 118 AZN-ə qalxacaq.  Nəzərə alsaq ki, buraya hələ imtahan nəticələrini öyrənmək üçün SMS qiymətlərini əlavə etməyiblər. Artıq neçə ildir ki,  imtahan nəticələrini SMS-lə öyrənilir və buradan da xidmət haqları çıxılır.

Beləliklə, bu il rus bölməsindən ali məktəbə qəbul olmaq istəyən abituriyent rahat 130- 140 manat xərc çəkəcək.

Başqa məqam- imtahanda iştirak edənlərin 63 faizi bu ilin məzunlarıdır. Onların da 60 faizi 0-200 arası bal toplayanlardır.  Yəni yarıdan çoxu heç keçid balını toplaya bilməyib.  Son qəbul imtahanında 85 min abituriyent iştirak etmişdi və onların 60 mini keçid balını toplaya bilməmişdı. Ali məktəbə imtahan verənlərin heç də hamısı hazırlıqlı deyil. Bu, Konstitusiyada göstərildiyi kimi “təhsil hər kəsə əlçatan olmalıdır” fikrinə ziddir.

Ali məktblərə təkrar sənəd verənlərin sayı 25-30 min nəfər arası dəyişir. Artıq builki qəbul ilindən başlayaraq, onları sayı aşağı düşəcək. Ona görə də, tariflər 70 faiz aşağı salınmalıdır.  Regionlar üçün bu məbləğ kifayət qədər böyükdür”.

Ekspertin fikrincə, Azərbaycanda ali təhsilli insanların sayı inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağı səviyyədədir: “Bizim insanımızın cəmi 17 faizi ali təhsillidir. Tariflərin qaldırılması onların təhsil almasının qarşısını alacaq. Strateji Yol Xəritəsində ali təhsillilərin çoxalması nəzərdə tutulub. Təhsil artıq iqtisadiyyata tövhə verməlidir.  Bu gün təhsil müəssisələri dövlət büdcəsinin üzərində sanki bir yükdür. 54 ali təhsil müəssisəsi var, onların xərclərini dövlət ödəyir.

TQDK mövcud olduğu 2017-ci ilin aprelinə qədər dövlət büdcəsindən bu quruma 7 milyon manat ayrılırdı. Onun 5 milyon manatı qəbul prosesinə xərclənirdi.  Belə çıxırdı ki, guya qəbul prosesi pulsuz idi. Amma abituriyent qəbul imtanında iştirak etmək üçün 2.30 AZN, sınaq imtahanı üçün 2.54 AZN SMS pul ödəyirdi.  Nəticə əldə olunana qədər iştirakçı 4 manat qəbul imtahanına,  4 manat isə sinaq imtahanlarına xərc çəkirdi. Yəni imtahan pulsuz-filan deyildir”.

Vüsalə Rüstəmova

Gununsesi.info