Mitinqlərə niyə “yox” deyilir? - SİYAVUŞ NOVRUZOV AÇIQLAYIR

  • By admin
  • 09 May 2019 09:02

Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalanmasına az vaxt qalır. Ancaq bu arada Azərbaycan hökumətinin siyasi qüvvələrin mitinq istəyinə davamlı olaraq “yox” deməsi ölkəmizdə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına dair fikirlər yaradıb.

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Gununsesi.org-a açıqlamasında aksiyalara icazə verilməməsinin səbəbkarı kimi müxalifəti gördüyünü deyib: “Hər dəfə Bakı Şəhər İcra Hakimiyyəti məlumatlandırır ki, bunlar götürdüyü öhdəlikləri yerinə yetirmir. Burada hər hansı təxribat ola bilər və təxribata görə sərbəst toplaşma ilə əlaqədar bəzi məsələləri qeyd edir. Lakin bunlar ardıcıl şəkildə əllərində bir fakt olsun deyə, bu məsələni qabardırlar. Müxtəlif bəhanələri ortaya atırlar ki, Avropa İttifaqı ilə imzalanacaq sənədə kölgə salsınlar”.

YAP-çı deputat bildirib ki, müxalifət mitinq keçirib, təxribat yarada bilər və məsuliyyət hakimiyyətin üzərində qalar: “Burada iki məsələ var. Əvvəla, belə versiya var ki, bunlar mitinq keçirəndə özləri təxribat törədəcəklər, sonra bunu iqtidarın üzərinə atacaqlar. Bu, ən ciddi məsələdir. Bunlar da hansı partiyanın tərəfdarı olmasına baxmayaraq, Azərbaycan vətəndaşlarıdır, Azərbaycan dövləti onların təhlükəsizliyini müdafiə edir. O baxımdan da dövlət maraqlıdır ki, onlar təhlükəsiz yaşasınlar, çalışsınlar, fəaliyyət göstərsinlər. İkincisi də mitinqi təşkil edənlər həmişə xəbərdarlığa imza atırlar. Sərbəst toplaşma haqqında qanunda var ki, milli, dini ayrı-seçkilik, dini, milli qarşıdurma, silahlı çevriliş, dövlət çevrilişinə cəhd çağırışlarına yol verilməsin. Lakin öhdəlik götürmələrinə baxmayaraq, onlar hər dəfə bu öhdəliyi pozurlar, qəsdən təxribat törədirlər ki, polis bu məsələlərə müdaxilə etsin. Lakin polis səbirlə davranır və imkan vermir ki, bunlar təxribatdan bəhrələnsinlər. Beləliklə, onlar öz öhdəliklərinə əməl etmədikləri üçün növbəti mitinqlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmir”.

Elmar

Gununsesi.org