“MTN məhbusları…”

  • By admin
  • 10 Avqust 2016 17:15

oktay

Dəhşət saçan faktlar, acı həqiqətlət və heyrət dolu rəqəmlər …

(1- ci yazı)

 

Keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə bağlı son zamanlar baş verənlər- nazir Eldar Mahmudovun vəzifədən kənarlaşdırılması, İdarə rəisi, general Akif Çovdarov və qurumun Anti Terror Mərkəzinin rəhbərliyi başda olmaqla 80- dən artıq vəzifəli şəxsin həsb edilməsi, onların ağır dövləti cinayətlər törətməkdə ittiham edilməsi, nazir müavini, general- leytinant Hilal Əsədov, İstintaq idarəsinin rəisi Mövlam Şıxəliyev və digərləri başda olmaqla 250 nəfərin vəzifədən çıxarılması və s. açıq- aydın göstərdi və subut etdi ki, dövlətin, millətin təhlükəsizliyinə cavabdeh olan qurumun və onu idarə edənlərin özləri dövlətə, millətə bir başa təhlükə mənbəyi imiş. Bu quruma rəhbərlik edən bir qrup mütəşəkkil şəbəkə üzvləri vəzifə səlahiyyətlərini aşaraq qulluq mövqelərindən və dövlətin onlara etibar etdiyi vəzifədən öz çirkin məqsədlərini həyata keçirmək üçün sui- istifadə edib, qanundan kənar fəaliyyət gösəriblər. Reketçiliklə məşğul olub, insanları oğurlamaq, girov saxlamaq, əmlakını əlindən almaq, onlara ən ağır işgəncə vermək, şantaj etmək, öldürmək və s. kimi ağır cinayətləri həyata keçiriblər. Onlar təmsil etdikləri qurumun ölkə başçısının və digər dövlət qurumlarının yanında nüfuzunu süni şəkildə artırmaq, özlərinin önəmli, əvəzedilməz, peşəkar, sadiq dövlət adamı kimi göstərmək, eləcə də şəxsi və qrup maraqlarının təmin olunması, daha çox var- dövlət əldə etmək üçün tez- tez müxtəlif əməliyyatlar həyata keçiriblər. Xeyli sayda qanunsuz silahlı dəstələr, terrorçular, casuslar “zərərsizləşdiriblər”. Prezidentə qarşı həyata keçirilməsi “planlaşdırılan” sui- qəsdlərin, dövlət çevrilişlərinin, terrorun “qarşısını alıblar”. Bu şəxslər ölkənin bir nömrəli milli təhlükəsizlik təşkilatını elə hala salıb, nüfuzunu zədələdilər ki, onu bərpa etmək mümkün olmadı. Məcburiyyətdən qurum ləğv edildi. Sual oluna bilər; dövlətin adı və gücüylə ən ağır cinayətləri həyata keçirən, insanlara və insanlığa qənim kəsilənlər qanunlara hörmət və sayğı göstərərək başqaları haqqında ədalətli qərar çıxara bilərdilərmi? Təbii ki, yox. İşdən qovulub, qolları qandallanan, ömürlük həbs cəzası ilə üz- üzə qalan sözü gedən mütəşəkkil şəbəkə üzvləri tərəfindən son 10 ildə çoxlu sayda iş adamları, sadə insanlar, ictimai- siyasi fəallar və onların yaxınları azadlıqlarını, sağlamlıqlarını, mal- mülklərini, bəziləri isə həyatlarını itiriblər. Bir çoxları ölkədən didərgin salınıb. Xeyli sayda insan isə hazırda qanunsuz həbs həyatı yaşayır.
Keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən son 10 ildə müəmmalı şəkildə həbs olunmuş, təqiblərə məruz qalmış, qətlə yetirilmiş, mülki, var- dövləti əlindən alınmış və s. şəxslərlər bağlı araşdırma apararkən dəhşətli faktlar, acı reallıqlar və insanı heyrətləndirən statistik rəqəmlər meydana çıxır. Araşdırma nəticəsində məlum olur ki, hazırda ləğv edilmiş bu qurumun keçmiş məsul şəxsləri tərəfindən son illər xeyli sayda insan həbs olunub və onların böyük əksəriyyəti hazırda həbsdədir. Həmin şəxslərə qarşı cinayət məcələsinin ən ağır maddələri ilə cinayət işi açılıb. Həmin şəxslərin bir çoxu günahsız olaraq həbs həyatı yaşayırlar. Hətta müəyyən qədər günahı olanlar belə törətdiyi əmələ uyğun olmayan dərəcədə ifrat cəzaya məruz qalıblar. Belə şəxslər içində 13 il, 14 il, 15 il, hətta ömürlük həbs cəzasına məhkum olunanlar var. MTN tərəfindən həbs olunanların əksəriyyəti bir tərəfli qaydada adı çəkilən idarəyə gətirildikdən sonra ən ağır formada işgəncəyə və mənəvi psixoloji təzyiqlərə məruz qalıblar. Uzun müddət məhkəmə önünə çıxarılmayıblar. Yaxınlarından gizlədilib. Onların müdafiə hüququ demək olar ki, tanınmayıb. Ən yaxşı halda müdafiəçi ilə təmin olunmaları ağır işgəncələr altında istintaqa sərf edən etirafedici ifadələrin alınmasından sonra mümkün olub. Əksər müdafiəçilər ittiham tərəfinin dəvət etdiyi müstəqil olmayan (dustaq dilində onlara “paykovoy vəkil” deyirlər- red.) şəxslər olub. Müstəqil və tanınmış vəkillər tərəfindən onların vaxtında və səmərəli müdafiə olunmalarına imkan verilməyib və ya maneçilik törədilib.
Məhkəmələr notarius rolunda…
Keçmiş MTN- nin xətti ilə həyata keçirilən həbslər zamanı mühakimə olunan ayrı- ayrı şəxslərə qarşı irəli sürülən əksər ittihamlar xarakter və mahiyyət baxımdan üst- üstə düşür. Onlara qarşı daha çox cinayətkar birlik və ya silahlı birləşmə yaratmaq, dövlətə xəyanət, prezidentə sui- qəsd, hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama, dövlət çevrilişi, adam öldürməyə cəhd, terrora hazırlıq və terroru maliyələşdirmə, qanunsuz odlu silah saxlama, narkotik vasitələri saxlama və daşıma, eləcə də digər məsələlərdə ittiham olunublar. Əlbəttə kimsə iddia edə bilər ki, ölkənin milli təhlükəsizlik təşkilatı dövlətin və xalqın təhlükəsizliyinə cavabdeh olmaqla bu cavabdehlikdən irəli gələn vəzifələri yerinə yetirməlidir. Amma dələduzluqdan tutmuş, silah və narkotika saxlama, hətta əmlak davası, mülki işləri də “araşdıran” və istintaqını aparan təhlükəsiz təşkilatı öz əsas görəvini unudub. Peşəkarlığın çatmaması və digər maddi maraqlar ucbatından keçmiş MTN- nin məsul şəxsləri öz vəzifələrini yerinə yetirmək əvəzinə bir çox hallarda müxtəlif nağıllar uydurub, müxtəlif əməliyyat şouları həyata keçiriblər. Məhz bunun nəticəsidir ki, onların iddiasınnı əksinə olaraq son 10 ildə biz ölkədə nə dövlət çevrilişinə cəhd, nə prezidentə sui- qəsd, nə hakimiyyəti zorla ələ keçirmə, nə də qanunsuz hərbi birləşmə yaratmaq ilə bağlı hadisələr və real təşəbbüslər görmədik. Hətta keçmiş MTN- nin iddia etdiyi kimi bu təşəbbüslərə cəhdlər olmuşdusa belə həmin cəhdləri ittiham tərəfi tutarlı faktlarla əsaslandıra bilməyib. Əksinə buna bənzər bəzi hadisələr, xüsusən dövlətçiliyə qəsd, milli maraqları şəxsi maraqlara qurban vermək, dövlət hakimiyyətini qanunsuz şəkildə mənimsəmə, vəzifə səlahiyyətlərindən sui- istifadə halları, başqalarının xüsusi mülkiyyətini, əmlakını ələ keçirmə, külli miqdarda korrupsiya hallarına yol verilməsi kimi hallar keçmiş MTN və digər dövlət qurumlarında təmsil olunan vəzifəli şəxslərin hərəkətlərində daha çox özünü büruzə verdi. Amma sözü gedən qurumun son 10 ildə həyata keçirdiyi səs- küylü əməliyyatlarda, kütləvi həbslərində ittiham aktlarının əsas loytmotivi bu iddialar olmuşdur.
Təəssüflə qeyd etmək lazımdır ki, ibtidai istintaqı MTN- nin İstintaq İdarəsi tərəfindən aparılan cinayət işləri ilə bağlı bir çox məhkəmə prosesləri qapalı və ya yarım qapalı həyata keçirilmiş, ictimaiyyətin məlumatlı olmasının qarşısı ciddi şəkildə alınmasına çalışılıb. MTN tərəfindən məhkəməyə təqdim olunmuş cinayət işləri, ittiham aktları əksər hallarda olduğu kimi məhkəmə sənədlərinə və hökmlərinə köçürülüb. Bir növ Bakı Ağır Cinayətlər Məhkəməsi keçmiş MTN- nin ittiham aktlarını təsdiq etmək üçün notarius rolunu oynayıb.
İlahi təcəlli, yoxsa tarixi qanunauyğunluq!?
Keçmiş MTN ətrafında baş verən son olaylar, nazirliyin yüksək rütbəli vəzifəli şəxslərinin ağır cinayətlərdə ittiham olunaraq işdən çıxarılıb həbs edilməsi, MTN- ni cinayət, işgəncə, “razborka”, korrupsiya yuvasına və s. çevrilməsi bu qurumun və onun keçmiş vəzifəli şəxslərinin əli ilə həbs olunanlara diqqət və marağı artırıb. Sual oluna bilər; özü başdan- ayağa cinayət içində olan, adam oğurluğundan tutmuş, adam öldürməyə qədər ən ağır cinayətlərdə ittiham olunan, dövlətin ona etibar etdiyi vəzifəni şəxsi və qrup marağının girovuna çevirən şəxslər günahsız insanları ədalətli mühakimə edib onlar haqqında obyektiv qərar çıxara bilərmi? Və ya qanunları ayaqlar altına atan “dövlət adamı”- nın günahsız insanları şərləyib həbs etməsi, onları qanun adı ilə ittiham etməsi nə qədər ədalətli və qanunidir? Bəs zülmə, haqsızlığa, repressiyaya, mənəvi terrora məruz qalmış şəxslər layiq olduqları haqqı və bəraəti nə zaman almalıdır?
Əlbəttə biz o iddiada deyilik ki, son illər keçmiş MTN- nin xətti ilə həyata keçirilən bütün həbslər qanunsuz olub. Yox, sadəcə biz o həbsləri araşdırırıq ki, o həbsləri həyata keçirən, onun istintaqını aparan vəzifəli şəxslər məhz yuxarıda qeyd etdiyimiz cinayətləri törətməkdə suçlu bilinərək vəzifədən alınıblar və ya hazırda həbsdədirlər. Eyni zamanda həbs olunan şəxslər ya suçsuzdur, ya da onlara törətdiklərə əmələ adekvat olmayan ifrat cəza veriblər. Və ya həmin həbslərdə siyasi çalarlar və qisasçılıq elementləri mövcuddur. Maraqlıdır ki, hazırda həbsdə olan “MTN- çilər”- in bir qismi vaxtilə digər günahsız insanları ittiham etdikləri maddələrlə ittiham olunurlar. Bu olay ilahi təcəlli və ya tarixi qanunauyğunluq olsa da artıq danılmaz faktdır…
Hazırda xeyli sayda insan keçmiş MTN- nin sabiq əməkdaşları tərəfindən tərtib olunan saxta ittiham aktı ilə qanunsuz həbs həyatı yaşayırlar. Onlar barədə məlumatın toplanması və onların işinin yenidən araşdırılmasına ehtiyac var. Həmin şəxslər içində həbsdən çıxıb, lakin bəraət almayan şəxslər də var.
Son illər keçmiş MTN- nin xətti ilə həyata keçirilən həbslər içində siyasi çalarlı xeyli işlər də var. “Səid Dadaşbəyli dəstəsi”, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Akif Müradverdiyev, keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev, tanınmış jurnalistlər Pərviz Həşimli və Rauf Mirqədirov, “Eurovizion məhbusları”, NİDA- çı gənclər, ilahiyyətçi Elşən Mustafaoğlu, Ceyhun Cəfərov, “Nardaran məhbusları”, “nurçu məhbuslar”, bir sıra iş adamlarının, eləcə də digərlərinin həbsi buna misal ola bilər. Qeyd olunan bu həbslər başdan- ayağa qanunsuzluq və qisasçlıq zəminində baş verməklə yanaşı MTN- nin cəmiyyətdə nüfuzunun süni şəkildə gücləndirilməsinə, həmin qurumun hakimiyyətdə daha çox imtiyaza və paya sahib olmasına xidmət edib.
Keçmiş MTN tərəfindən həyata keçirilən həbslər, həbsində ziddiyyət və şübhələrin olduğu şəxslər, onlar haqqında ittihamlar və məhkəmə hökmləri, bir sözlə həmin şəxslər barəsində olan cinayət işlərinin bəzilərini nəzərdən keçirək;
P. S. Növbəti yazıda həmin şəxslər haqqında cinayət işləri ilə bağlı məlumatları hadisələrin baş vermə tarixinə və ardıcıllığına uyğun təqdim edəcəyik.

Oqtay GÜLALIYEV

Hüquq müdafiəçisi