“Müəllimin aldığı məvacib, nazirin, deputatın aldığı məvacibdən də yüksək olmalıdır” -Filosof

  • By admin
  • 08 Sentyabr 2022 15:20

Elm və təhsil naziri maraqlı bir fikir səsləndirdi ki, “son illərə qədər məktəblərə qəbul edilən müəllim və direktorların əksəriyyəti savadsız olub”. Belə görünür ki, onlardan pul alıb, sonra işə qəbul ediblər.

Gununsesi.info bildirir ki, bu sözləri Publika.az-a açıqlamasında yazıçı-filosof Firuz Mustafa sertifikasiyada meyvənin adını səhv yazan müəllimlər haqqında danışarkən deyib.

Filosof bildirib ki, pedaqoq ilk növbədə mütləq savadlı olmalıdır:

“Savadsız şəxs müəllim işləyə bilməz. Amma onların maaşlarına da nəzər yetirməliyik. Müəllim gözəl geyinməli, yaxşı yeməlidir. Bəs bunları nə ilə almalıdır? Əlbəttə ki, yüksək məvaciblə. Müəllimin aldığı məvacib, nazirin, deputatın aldığı məvacibdən də yüksək olmalıdır. Bunu o vaxt Mustafa Kamal Atatürk də deyib. Əgər bu gün müəllim köhnə geyim, qopmuş ayaqqabı geyinib dərsə gəlirsə, bunun başında nə dayanır? Müəllimin maddi ehtiyacının ödənilməməsi. Demirəm bizdə də müəllim nazir, deputat qədər məvacib alsın, amma heç olmasa onların aldıqları maaşın onda birini müəllimə versinlər. Eybi yox, on dəfə fərq olsun, on dəfələrlə yox! Bizim hər birimizin formalaşmağımızda müəllim əməyi var. Onlar yoxdursa, biz də yoxuq! Düzdür, dövlət imkan daxilində çalışır pedaqoqlara yaxşı baxsın. Amma inanın ki, yenə də yetərincə deyil. Ona görə də o, normal qidalana bilmir, əlavə işdə işləyir və nəticədə yaddaşı zəifləyir”.

Gununsesi.info