
Son dövrlər bir sıra saytlar Türkiyədə yaşayıb çalışan və xeyriyyəçilik fəaliyyəti ilə tanınan azərbaycanlı iş adamı Mübariz Mənsimova qarşı qarayaxma kampaniyası aparırlar. Onlar M.Mənsimovun gördüyü xeyriyyə işlərini cəmiyyətə çatdırmaqdansa kampaniyaçılıqla onu insanların gözündən salmağa çalışırlar.
Gununsesi.org-un məlumatına görə bu günlərdə ortaya atılan daha bir iddia isə iş adamının amnistiyaya düşərək həbsdən azad olunmuş keçmiş səhiyyə naziri Əli İnsanovla bir araya gələ biləcəyi ilə bağlıdır. Mənsimovu xəyanətkarlıqda suçlayanlar onu belə bir sərt ittihamla üzbəüz qoyublar.

Lakin Mübariz Mənsimov bu ittihamı cavabsız qoymayıb. Məqalə paylaşılandan sonra iş adamı sosial şəbəkədə paylaşım edərək Əli İnsanovu tanımadığını və tanımaq da istəmədiyini qeyd edib. M.Mənsimov bundan öncəki açıqlamalarında və paylaşımlarında da hər zaman Azərbaycan dövlətinə sadiq qaldığını, prezident İlham Əliyevlə onu qarşı-qarşıya qoymaq istəyənlərin arzusuna çatmayacağını qeyd etmişdi. Görünən budur ki, hansısa maraqlı qüvvələr Mübariz Mənsimovu prezident İlham Əliyevə qarşı qoymaq istəsələr də buna nail ola bilməyiblər.
O ki, qaldı iş adamının xeyriyyəçilik fəaliyyətini təbliğ etməsinə, burada qeyri-adi heç nə yoxdur. Belə əməllər daim təqdir olunmalı, təbliğ edilməlidir ki, digər iş adamları da bu cür addımlar atsınlar. Eyni zamanda insanlar da öz xeyirxahlarını, var-dövlətindən cəmiyyət üçün xərcləyən xeyriyyəçi iş adamlarını tanımalıdırlar. Normal ölkələrdə iş adamları dövlətə olan vergini ödəyir, qazandığı gəlirdən xeyriyyəçilik edir, insanlara, cəmiyyətə fayda verir. Qeyri-qanuni yollarla gəlir əldə edən, vergidən yayınan, topluma heç bir faydası dəyməyən zəngin adamlar isə qərəzli bir şəkildə bu cür iş adamlarına qara yaxmaqla onları gözdən salmağa çalışırlar. Lakin görünən budur ki, bu cür kampaniyalarla Mübariz Mənsimovu gözdən salmaq alınmır, əksinə bumeranq effekti verərək o şəxslərin özünə ziyan edir.












